“Komandaya xeyli yeni oyunçu gəlib ki, onlar arasında əcnəbilər də var. Heyətdə 10 millətdən futbolçu çıxış edir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Slaviya”nın gənclərdən ibarət komandasının baş məşqçisi Pavel Rehak deyib.
Klubun rəsmi saytına müsahibə verən təcrübəli mütəxəssis yayda “Qəbələ”dən bu komandaya keçən Fərid Nəbiyev haqda da fikir bildirib.
O, gənclər millimizin yarımmüdafiəçisi və digər yeni gələnlərin uyğunlaşma dönəmi keçirdiklərini söyləyib: “Bizim ehtiyat qüvvəmiz çoxdu. Yeni futbolçular fərqli mühitdən gəliblər. Əvvəlki komandalarında başqa atmosferdə idilər. Hərdən mənə elə gəlirdi ki, uşaqlar topu özlərində çox saxlayır və fərdi oyuna üstünlük verirlər. Topu itirdikdən sonra reaksiya göstərməkdə gecikirdilər. Bir daha qeyd etməliyəm ki, yeni gələnlər başqa mühitə öyrəşdiklərindən, bizim ab-havaya uyğunlaşmalıdılar. Çoxu balkan ölkələrindəndi, yalnız Fərid Nəbiyev Azərbaycandan gəlib”.
Həmyerlimizin ünvanına tərif yağdıran Rehak komandanı onun üzərində quracağını da vurğulayıb: “Gənclər Liqasındakı yerimizi qorumaq istəyirik. Bu, bizim hədəfimizdi. Oyunumuzu getdikcə daha da yaxşılaşdırmalıyıq. Söz verirəm ki, hazırkı futbolçular qışda fiziki formalarını yaxşılaşdırıb, daha hazır vəziyyətdə olacaqlar. Biz qışa qədər iki səbəbə görə bəzi oyunlarda məğlub olurduq. Biri təcrübəsizlik, digəri isə fiziki çatışmazlıqdı. Fikrimcə, hazırkı heyətdə bəzi futbolçular çox istedadlıdılar. Bu mənada Andrey Sintean və Fərid Nəbiyevi fərqləndirə bilərəm. Düşünürəm ki, onlar komandanın liderləri olacaqlar və oyunu bu futbolçuların üzərində quracam”.
Qeyd edək ki, Fərid Nəbiyev “Qəbələ” Futbol Akademiyasının yetirməsidi.