FİFA millilərin yeni reytinq siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, 211 komandanın yer aldığı cədvəldə bir sıra dəyişikliklər diqqət çəkir ki, bu da son 4 həftədə yığmalar səviyyəsində görüşlərin çoxluğu ilə bağlıdı.
Dəyişikliklər Azərbaycan yığmasından da yan ötməyib. Qurban Qurbanovun baş məşqçisi olduğu millimiz ötən ayla müqayisədə 1 pillə irəliləyib.
Ötən ay 243 xalla 127-ci olan yığmamız indi 245 xalla 126-cı yerə şərikdi. Millimizin 2 xal qazanmasına Belarusla (0:1) Bakıda, Makedoniya ilə (1:1) Antalyada keçirilən yoxlama matçlarının nəticələri səbəb olub.
Xal aktivini artıran komandamız 126-128-ci yerləri bölüşür. Millimizin şərikləri Sudanla Sent-Kitts və Nevisdi. Bu yığmaların ikisi də böyük geriləmə ilə yığmamızın mövqeyinə düşüb.
Ümumiyyətlə, komandamızın qonşuluğundakı pillələrdə böyük dəyişikliklər qeydə alınıb. Beş milli - Antiqua və Barbuda, Tailand, Taypey, Yəmən və Qazaxıstan yığmamızı keçib. 4 ölkə - Türkmənistan, Yeni Zelandiya, Nikaraqua və Qvatemala isə əks istiqamətdə hərəkət edib.
Millimiz və qonşuları
122 (129). Tailand - 253
123 (112). Ruanda – 252
124 (139). Antiqua və Barbuda – 251
125 (140). Yəmən - 250
126 (107). Sent-Kitts və Nevis – 245
126 (127). Azərbaycan – 245
126 (117). Sudan - 245
129 (114). Türkmənistan - 242
129 (128). Toqo – 242
Dünyanın ən güclü 10 komandasının siyahısında da dəyişikliklər olub. Düzdü, “onluğ”un tərkibi dəyişməyib. Lakin 3-10-cu yerlərdəki komandalar dəyişikliklərə məruz qalıb.
İlk “onluq”
1 (1). Almaniya - 1533
2 (2). Braziliya - 1384
3 (5). Belçika - 1346
4 (3). Portuqaliya - 1306
5 (4). Argentina - 1254
6 (8). İsveçrə - 1179
7 (9). Fransa – 1166
8 (6). İspaniya – 1162
9 (10). Çili – 1146
10 (7). Polşa - 1118
Siyahıda ən böyük irəliləyişə nail olan iki komanda millimizin rəqibləridi. Yoxlama oyununda üz-üzə gələcəyimiz Qırğızıstan 40, Millətlər Liqasındakı rəqibimiz Kosovo 24 addım atıb. Bu turnirdə üz-üzə gələcəyimiz Farer adaları da 3 pillə irəliləyib, Malta isə yerində qalıb. Yoldaşlıq matçında millimizi qəbul edəcək Latviya 8 addım geriləyib.
Millimizin rəqibləri
75 (115). Qırğızıstan - 424
94 (97). Farer adaları - 364
139 (131). Latviya - 217
152 (176). Kosovo - 164
185 (185). Malta - 62
Qeyd edək ki, qonşu Türkiyə millisi 37-ci yerə yüksəlib. Bir addım irəliləməyi bacaran “ay-ulduzlular”ın hesabında 714 xal var.