“Rəşad Sadıqov qərarı barədə mənə məlumat verəndə xeyli təəssüfləndim. Çünki təəssüflənməmək mümkün deyil”. Apasport.az saytının xəbərinə görə, bu sözlər AFFA-nın baş katibi Elxan Məmmədova məxsusdu.
Baş katib Rəşad Sadıqovun Azərbaycan millisində karyerasını başa vurması ilə bağlı qərarı haqda fikirlərini bildirib. O vurğulayıb ki, kapitanı Çexoya ilə görüşdən sonra yola salmaq çətin olacaq: “Biz onu millinin oyunlarında görməyə adət etmişdik. Hər oyundan əvvəl və sonra onunla mütləq komanda, oyun haqda söhbətimiz olur. 16 ildir millinin formasını geyinən bir futbolçunu Çexiya ilə qarşılaşmadan sonra yola salmaq... Həqiqətən də çətin qərardı. Rəşad millinin formasını ən çox geyinən futbolçudu. 110 dəfə ölkənin əsas komandasının heyətində meydana çıxıb. Bu rəqəmin özü onun milli üçün nə qədər böyük sima olduğunu göstərir”.
Məmmədov bildirib ki, son 10 ildə onunla birgə fəaliyyət göstərməyi ilə fəxr edir: “Bilirəm ki, azarkeşlər də onu axtaracaqlar. Çünki o, həm də komandanın lideridi, ən çətin anlarda futbolçuları ətrafında toplamağı bacarırdı. Bu gün Rəşad həm futbolçu, həm də şəxsiyyət kimi bir çox gəncin kumiridi. Onun bu qərarına hörmətlə yanaşır və gələcək işlərində də uğurlar arzulayırıq. Sadıqovun gələcəkdə məşqçi kimi də futbolumuza xeyir verəcəyinə əminik”.