Bank Of Baku

Joze Alesio yenidən Azərbaycan yığmasının baş məşqçisi təyin edilib

Joze Alesio yenidən Azərbaycan yığmasının baş məşqçisi təyin edilib
# 29 iyun 2017 10:16 (UTC +04:00)

Futzal üzrə Azərbaycan milli komandasının yeni baş məşqçisi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu vəzifə braziliyalı mütəxəssis Joze Alesio Da Silvaya  həvalə olunub.

 

Azərbaycan yığmasının və “Araz”ın sabiq baş məşqçisi 3 illik fasilədən sonra millimizə dönüb. 49 yaşlı mütəxəssis 2014-cü ildə ayrıldığı posta yenidən qayıdıb.

 

Oyunçu kimi vətənində “Voltorantin”, “Porto Aleqre”, “Vasko de Qama”, İspaniyada “Barselona”, Rusiyada “Spartak” və “TTQ Yava” klublarında çıxış edən cənubi amerikalı məşqçilik fəaliyyətinə də şimal qonşularımızda başlayıb. Çıxış etdiyi hər iki klubda oynayan məşqçi funksiyasını yerinə yetirən Alesio 2007-08-ci illərdə Qazaxıstan “Kayrat”ına rəhbərlik edib.

 

2008-ci ildən Azərbaycan karyerası başlayan braziliyalı əvvəl “Araz”ın, dekabrdan həm də millinin baş məşqçisi olub. 2014-cü ilədək onun rəhbərliyi altında çıxış edən komandamız tarixində ilk dəfə Avropa çempionatının finalına yüksəlib. İlk cəhdində - AVRO-2010-da yarımfinala yüksələn komandamız daha iki dəfə Alesio ilə qitə birinciliyinə yollanıb. DÇ-2012-yə vəsiqəni isə komandamız yalnız pley-offda əldən verib.

 

5 mövsüm “Araz”ı UEFA kubokuna aparan Alesio 2 dəfə komandası ilə birlikdə “Dördlər finalı”nadək irəliləyib. Ölkə çempionumuz 2010 və 2014-cü illərdə Avropanın üçüncüsü olub.

 

Alesio 2014-cü ildə yığmamızdan qalmaqalla ayrılıb. Cənubi amerikalı karyerasını davam etdirmək üçün Qazaxıstana yollanıb. Lakin müqaviləsi olan çalışdırıcı vəzifəsini özbaşına tərk edib. Braziliyalı bu postu “Kayrat”da köməkçi məşqçi vəzifəsinə dəyişib. Bundan narazı qalan AFFA Qazaxıstan Futbol Federasiyası və baş məşqçinin qaçdığı “Kayrat”a şikayət məktubu da göndərib. Buna baxmayaraq, məşqçi fəaliyyətini Qazaxıstanda davam etdirməyə nail olub.

 

Onun gedişindən sonra millimizdə öncə Tino Peres, ardınca Miltinyo çalışsa da, heç biri postunda uzun müddət qalmayıb. AVRO-2018-in seçmə mərhələsində milliyə rəhbərlik edən Biro Jade komandanı final mərhələsinə daşısa da, onun postunda qalması məqsədəuyğun sayılmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR