Bank Of Baku

Kamal Quliyev: “Belə penalti verməzlər”

Kamal Quliyev: “Belə penalti verməzlər”
# 01 dekabr 2016 09:59 (UTC +04:00)

“Qarabağ” – “Qəbələ” matçında əsas rəy bildirilməli məqamlar penalti epizodu və vaxtın artırılmasıdı. Bu cür ağır oyunlarda belə penalti qərarı verməzlər”. Bunu apasport.az saytına futbol mütəxəssisi Kamal Quliyev deyib.

 

Topaz Premyer Liqasının XIII turunda keçirilən “Qarabağ” – “Qəbələ” (2:1) görüşündə baş verən olaylar son günlər gündəmdən düşmür. Əsas müzakirə mövzusu isə təbii ki, baş hakim Rəhim Həsənovun səhvləridi.

 

Quliyev həmin görüşün ikinci hissəsinə 4 dəqiqə artırılmasına baxmayaraq, referinin 8 dəqiqə uzatmasının da doğru hərəkət olmadığını söyləyib: “Adətən belə ağır oyunları 1:1 hesabı ilə bitirmək hakim üçün də müsbət olur. Məncə, elə ədalətli nəticə heç-heçə olardı. Artırdığın 4 dəqiqə bitibsə, qurtar, çıxıb getsin də. Kim meydandan gec çıxıb, kim orda nə iş görüb, buna fikir vermək lazım deyil. Vaxt bitən kimi final fitini verməklə özünü də sığortalayırsan”.

 

Penalti qərarının doğru olmadığını bildirən Azərbaycan millisinin sabiq oyunçusu hakimləri bu komandaların görüşlərində ehtiyatlı olmağa çağırıb: “Qəbələ”nin futbolçuları müsahibələrində deyiblər ki, baş hakim heç özü penalti epizodunu görməmişdi, yan xətt hakimindən soruşurdu. Əgər epizodu görməmisənsə, onun üstündən keçməli idin. Buna bənzər o qədər epizod olub ki. Bu hələ ən şükürlüsü idi. Axı qaydalarda var ki, qısa məsafədən ələ dəyən top penalti kimi dəyərləndirilmir. Hakimlərin 99 faizi belə vəziyyətlərdə “davam” qərarı verirlər. Çünki məsafə qısa olduğu üçün futbolçu əlini yığışdıra bilmir. Üstəlik, topun da sürəti var. Həm “Qarabağ”, həm də “Qəbələ” güclü komandalardı, ölkəmizi avrokubokda təmsil edirlər. İstəməzdim ki, belə matçlarda qalib gələn tərəfin qələbəsinə kölgə salan epizodlar olsun. Belə hallar həm futbolçulara, həm də klub rəhbərlərinə mənfi təsir göstərir. Belə hadisələrdən sonra adam futboldan iyrənir. Gəlin, real danışaq, Azərbaycanda iki komanda var. Digərlərini alçatmaq istəmirəm. Amma bunlar Avroliqanın qrupuna düşüblərsə, deməli, potensialları var, digərlərindən güclüdülər. Məncə, çempionluq mübarizəsi elə “Qarabağ”la “Qəbələ” arasında gedəcək. Hakimlər də bu iki komandanın öz aralarındakı oyunlarında çox həssas, dəqiq olmalıdılar”.

 

“Qarabağ”ın ikinci qolundan sonra Ağdam klubunun ehtiyat qapıçısı Şahruddin Məhəmmədəliyevin üzünü rəqib komandaya tərəf tutaraq jest etməsi “Qəbələ”nin futbolçularını özlərindən çıxarmış, hətta münaqişə də yaranmışdı. Kamal Quliyev gənc qolkiperin bu addıma görə üzr istəməli olduğunu vurğulayıb: “Futbolçunun qola sevinməyə haqqı var. Amma üzünü rəqib komandaya tərəf çevirib, hansısa jesti etmək onları daha da qıcıqlandırır. Belədə təkcə rəqibin futbolçuları yox, rəhbərliyi, digər əməkdaşları da özlərindən çıxa bilərlər. Şahruddinin etdiyi jesti görməmişəm, sadəcə, oxumuşam. Qurban Qurbanov nizam-intizama böyük əhəmiyyət verən insandı. Futbolçu əgər qeyri-etik hərəkət edibsə, Qurban müəllim ona elə cəza verəcək ki, bundan sonra Şahruddinə hətta rüşvət də təklif eləsən, o hərəkəti təkrarlamayacaq. Əgər yazıldığı kimi hərəkət edibsə, böyük səhvə yol verib, üzr istəməlidi. Sevinmək olar, amma müəyyən çərçivədə. Rəqib komandaya acıq verən jestlər etmək yaraşmaz. Mənə elə gəlir ki, həmin futbolçunu layiqincə yerində oturdacaqlar ki, gələcəkdə belə səhvləri təkrarlamasın”.

 

Son vaxtlar “Qəbələ”nin əleyhinə verilən qərarlar baş məşqçi Roman Qriqorçuku ölkəsinə dönmək dərəcəsinə çatdırıb. 2002-2004-cü illərdə Ukraynada “Volın”ın formasını geyinmiş Kamal Quliyev Qriqorçukun “Qəbələ”də gördüyü işlərdən ağızdolusu danışıb: “Roman Qriqorçuku mən hələ Ukraynada oynadığım dövrdən tanıyıram. Həmin vaxt “Çernomorets”i çalışdırırdı. Qriqorçuk “Qəbələ”də az büdcə ilə çox böyük iş görüb. Azərbaycanda “Qəbələ” kimi taktiki cəhətdən düzgün futbol oynayan komanda yoxdu. Çox savadlı oynayırlar. Qriqorçukun komandadan getməyi təbii ki, yaxşı hal olmaz. Amma əvəzolunmaz insan da yoxdu. Bəlkə elə ondan da yaxşısını gətirəcəklər. Amma onun futbol savadına, yaratdığı komandaya “əhsən” deyirəm”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR