Bakı – APA. “Neftçi”nin bu gün nəsə etməsi mümkünsüzdü. Bizim vaxtımızda klub Avroliqanın qrup mərhələsinə düşdü. Ondan sonrakı il isə hədəf Çempionlar Liqasının qrupuna vəsiqə qazanmaq idi. Yeni rəhbərlik də komandanı götürəndə demişdi ki, bizim 3 illik siyasətimiz var. 3 ildən sonra Çempionlar Liqasının qrupuna düşəcəyik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi”nin sabiq məşqçisi Kamal Quliyev deyib.
Hazırda işsiz olan Quliyev keçmiş komandasının durumunu dəyərləndirib. O bildirib ki, “Neftçi”nin çətin vəziyyətə düşməsində klubun Müşahidə Şurası günahkardı: “Artıq 2 il keçib. “Neftçi”nin qrupa düşməsi qalsın bir kənara, baxın, çempionatda autsayderdi. Belə getsə, Azərbaycan çempionatında qalmaq uğrunda mübarizə aparacaq. Müşahidə Şurasının üzvləri bütün günahı baş məşqçinin üstünə atır. Hər klubda idarəçilik sistemi var. Müşahidə Şurasının sədri Çingiz Abdullayevə heç bir iradım yoxdu. Çünki o, futbol adamı deyil. Söhbət onun ətrafına yığılan adamlardan, Müşahidə Şurasından gedir. Onlar klubun başına oyun açdılar. Heç olmasa, bundan sonra səhv qərarlar verməsinlər. Mən deyərdim ki, “Neftçi” sırf idarəçilik sisteminin qurbanı oldu. Müşahidə Şurasının çıxıb “nəticələrə görə biz birbaşa cavabdeh deyilik” deməsi yaxalarını kənara çəkmələrindən başqa bir şey deyil. Sən bu Şuranın üzvüsənsə, komandanın uğurlu və uğursuz nəticələrində cavabdeh şəxslərdən birisən. “Neftçi” kimi Azərbaycan futbolunun tarixi olan komandanı belə vəziyyətə gətirmək günahdı”.
Quliyev söhbət əsnasında “Neftçi”nin yayda 350 min civarında məbləğ qarşılığında heyətinə qatdığı Vançe Şikovu da tənqid edib: “Bədbəxtliyimiz ondadı ki, elə müdafiəçiyə 350 min dollar verilib. Bizdə müdafiəçi nə qədər istəsən, var. Ondansa hücumçu gətirmək lazımdı. Bu da düzgün olmayan idarəçiliyi göstərir. Şikov kimi futbolçuya 350 min vermək cinayətdi. Onun hazırda göstərdiyi oyun isə ikiqat cinayətdi. O pula qat-qat yaxşı oyunçu gətirmək olar. Şikov həmin məbləğə dəyməz. Onun dəyəri heç 100 min də deyil. Qiymətini şişirdiblər. İmkan varsa, “Neftçi” müqaviləni pozub, Şikovu yola salmalıdı”.
“Neftçala”nın sabiq çalışdırıcısının sözlərinə görə, hazırkı “Neftçi”də qələbə ruhu qalmayıb və bunu geri qaytarmaq asan iş deyil: “Bu gün “Neftçi”də əsəblər gərgindi. Futbolçularla dil tapmaq, onları bu psixoloji durumdan çıxarmaq lazımdı. Komandada qələbə ruhu qalmayıb. Onu bilirəm ki, “Neftçi”yə gedən məşqçi üzərinə böyük məsuliyyət götürüb. “Neftçi”ni 2 aya, 3 aya bu vəziyyətdən çıxaracam” deyən məşqçi gözünün içinə qədər yalan danışır. Onu deyən məşqçi sadəcə işin, pulun xətrinə ora gedir. “Neftçi”də iş həddindən artıq çoxdu. Amma futbolçularla münasibət bir çox şeyi yaxşılığa doğru dəyişə bilər. Bunun üçün də işləmək lazımdı”.