“Biz artıq indidən Azərbaycanla matçın hazırlıqlarına başlamışıq. Çox ağır oyuna çıxacağımızı yaxşı bilirik”. Apasport.az saytının məlumatına görə, bunu Şimali İrlandiya yığmasının baş məşqçisi Maykl Onil deyib.
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində noyabrın 11-də öz meydanında Azərbaycan millisi üzərində 4:0 hesablı qələbə qazanan britaniyalılar artıq növbəti qarşılaşmalar barədə düşünürlər. Onil yerli mətbuata açıqlamasında, xüsusən də, iyunun 10-da yığmamızla səfərdə baş tutacaq qarşılaşmadan çəkindiklərini söyləyib.
Onu ən çox futbolçularının həmin vaxt oyun praktikasından əziyyət çəkmələri narahat edir: “Azərbaycanla görüş iyunun 10-da baş tutacaq. Bundan 42 gün əvvəl isə futbolçular mövsümü başa vurmuş olacaqlar. Məhz bu amil Bakıda bizə problem yarada bilər. Bütün bunları nəzərə alıb, Azərbaycanla qarşılaşmaya çox-çox öncədən hazırlaşacağıq”.
Hazırda 7 xalla qrupda ikinci pillədə qərarlaşan Şimali İrlandiya yığması 2017-ci ilin ilk iki görüşünü müvafiq olaraq evdə Norveçlə (26 mart) və səfərdə Azərbaycanla keçirəcək. Təcrübəli mütəxəssis bu iki oyuna xüsusi önəm verir: “Əsas diqqətimiz Norveç və Azərbaycan milliləri ilə oyunlarda olacaq. 2017-ci ili də fantastik keçirmək üçün əlimizdən gələni edəcəyik. Yeni ilin ilk iki matçı qrupdakı mövqeyimizi möhkəmlətmək baxımından çox vacibdi. Biz qrupdakı komandalardan Çexiya və Norveçin müəyyən boşluqlarını özümüz üçün müəyyən etmişik. Onlarla birlikdə Azərbaycan yığması da əsas rəqiblərimizdəndi. Ümid edirəm ki, son iki ildə qazandığımız təcrübə adlarını sadaladığım komandalarla qarşılaşmalarda köməyimizə çatacaq”.
Qeyd edək ki, 4 turdan sonra C qrupuna 12 xalla Almaniya millisi başçılıq edir. Onu 7 xalla Şimali İrlandiya və Azərbaycan izləyir. Çexiyanın aktivində 5, Norveçdə isə 3 xal varsa, autsayder San-Marino hələ ki, xal üzünə həsrətdi.