Bank Of Baku

Nadir Qasımov: “U-19 yığmalarımız arasında ən zəifidir”

Nadir Qasımov: “U-19 yığmalarımız arasında ən zəifidir”
# 27 mart 2018 15:24 (UTC +04:00)

“Təbriz Həsənovun vaxtında U-19 yığmamız yoxlama matçlarında yaxşı çıxış edir, qollar vurur, qələbə qazanırdı. Amma indi yoldaşlıq görüşündə nəinki qələbə, heç bərabərlik görmürük”. Bu sözləri apasport.az saytına açıqlamasında veteran məşqçi Nadir Qasımov deyib.

 

19 yaşadək futbolçulardan ibarət millimizin sabiq çalışdırıcısı komandanın hazırkı durumunu dəyərləndirib.

 

O, yığmanın bu il keçirdiyi 6 yoxlama görüşünün hamısında məğlub olmasını müxtəlif səbəblərlə əsaslandırıb: “Rusiya ilə son oyuna (0:1) baxdım. Birinci hissədə komandamız qorxaq futbol oynadı. İkinci hissədəki sərbəstliyi, mübarizliyi ilk yarıda görmədim. Sadəcə, onları həm psixoloji, həm də taktiki cəhətdən düzgün hazırlamaq lazımdı. Demirəm ki, uşaqlar çox pis vəziyyətdədilər. Ən azı ikinci hissədəki çıxışla futbol oynamağı bacardıqlarını göstərdilər. Elə eləmək lazımdı ki, komanda əvvəldən buna hazır olsun”.

 

U-19-un hazırkı baş məşqçisi Vüqar Məmmədi futbolçu kimi yaxşı tanıyan Qasımov ona öz məsləhətlərini də verib: “Vüqar “Şahdağ”da rəhbərliyim altında oynayıb. O, böyük məsuliyyət daşıyır. Çünki indi Avropada 18-19 yaşlı futbolçular böyük klublarda çıxış edirlər. Vüqarı mübariz futbolçu kimi tanımışam. Səhv etmirəmsə, 3-4 il Təbriz Həsənovun yanında məşqçi kimi işləyib. Ümumiyyətlə, milli komandalar içində U-19 sırf gələcəyimizdi, yaxın 6-7 ilin kollektividi. Ancaq təəssüf ki, bu gün yığmalarımız arasında ən zəifidi. Yaşlı, təcrübəli məsləhətçiyə ehtiyac var ki, o, uşaqlara necə hazırlıq keçmək lazım olduğunu məşqçilərə başa salsın. Mən “Xəzri” klubunda və yığmada işlədiyim vaxt “tupik”ə düşmüşdüm. Vəziyyətdən çıxmaq üçün Ağasəlim Mircavadova zəng vurdum ki, görüşək. Söhbət zamanı Ağasəlim müəllim də bilmədən ondan bəzi şeyləri öyrəndim. Yəni öyrənməkdən, soruşmaqdan utanmasınlar. Əgər belə məsuliyyətli iş həvalə olunubsa, soruşmamaq ayıb deyil. Təbii ki, nə vaxt istəsə, mən də öz məsləhətlərimi canla-başla verərəm. Bilməyib, soruşmamaq ayıbdı. Gənc məşqçilər yaxşı olardı ki, Məşqçilər Komitəsi ilə sıx əlaqədə olsun, məsləhət alsınlar. Buna görə, onları nə söyər, nə də danlayarlar”.

 

Nadir Qasımov milli komandalarda psixoloqların fəaliyyət göstərməsinin də vacibliyini vurğulayıb: “Hər bir komandanın psixoloqu olmalı və futbolçuları yaxşı tanımalıdı. Digər tərəfdən, məşqçi özü də psixoloq olmalıdı. Mən 1997-ci ildə U-17-nin “sükanı arxası”nda olanda İtaliya ilə səfərdə heç-heçə etmişik. U-17 yığmamız Bakıda keçirilən Avropa çempionatında 0:5 hesabı ilə məğlub oldu. Buna çox pis olmuşdum. Niyə evdə Portuqaliyaya belə böyük hesabla uduzmalıyıq? Sadəcə, uşaqları oyuna kökləməyi bacarmaq lazımdı”.

 

68 yaşlı mütəxəssis bu məsələdə klubları da günahlandırıb: “Bu gün əsas problemlərdən biri bu yaşda futbolçuların çatışmazlığıdı. Seleksiya aparılsa da, seçim imkanı azdı. Bu da klublardan asılıdı. Klublar bu gün aşağı yaş qruplarına daha ciddi yanaşmalıdılar. Təkcə U-19-u fikirləşmək kifayət deyil, uşaq vaxtından yetişdirmək lazımdı ki, o yaşa çatanda normal futbolçu olsun. AFFA uşaq futbolunun inkişafı üçün hər cür dəstək verir. Sadəcə, 19 yaşlı futbolçuların məşqçiləri ilə profilaktik iş aparmaq lazımdı”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR