"Bizim üçün vacib oyundu. Tam qüvvəmizlə oynamalıyıq". Apasport.az saytının məlumatına görə, bunu Almaniya yığmasının yarımmüdafiəçisi Sami Xediraya məxsusdu.
Son dünya çempionu sabah DÇ-2018-in seçmə mərhələsində Azərbaycan millisinin qonağı olacaq. Matçdan öncəki mətbuat konfransında jurnalistlər önünə çıxan Xedira komandaların şanslarını dəyərləndirib: "Burda keçirdiyimiz son oyunda iki top fərqi ilə qalib gəlmişdik. Bizi çətin oyun gözləyir. Əlimizdən gələni edəcəyik ki, burdan 3 xalla ayrılaq. DÇ-2014-dən sonra bəzi oyunçular milli karyerasını bitirmişdisə, bəziləri də zədəli idi. Həmin seçmə mərhələdə bu amillər müəyyən rol oynadı. Son Avropa çempionatında istədiyimiz nəticəni əldə edə bilmədik. Ancaq dünya çempionatında daha yaxşı çıxış etməyi qarşımıza məqsəd qoymuşuq. Təkcə final mərhələsində yox, seçmə mərhələdə də gərək yüz faizlik nəticə göstərəsən. Biz də sabah burdan yaxşı nəticə ilə ayrılmaq istəyirik. Bunun üçün əlimizdən gələni edəcəyik. Hazırda karyeramın zirvəsindəyəm. Bu yaxınlarda 30 yaşımı qeyd edəcəm. Məncə, komandada öz yerim var. Baş məşqçi ilə söhbətdə də görürəm ki, komanda üçün vacib oyunçuyam. Komanda yoldaşlarım şəhəri gəzməyə getsələr də, mən getmədim. İstirahət etməyi üstün tutdum. Çünki bura ilk növbədə gəzməyə yox, futbol oynamağa gəlmişik".