Yanvarın 30-da start götürəcək futzal üzrə Avropa çempionatının favoritləri bəlli olub. Apasport.az saytının məlumatına görə, UEFA Sloveniyada təşkil olunacaq qitə birinciliyinin iştirakçılarının şanslarını dəyərləndirib.
Qitə futbol qurumu çempionluğa əsas namizəd kimi 4 komandanı fərqləndirib: “İndiyədək yalnız 3 komanda yarışın qalibi olub. İspaniya 1996, 2001, 2005, 2007, 2010, 2012, 2016, Rusiya 1999, İtaliya 2003 və 2014-cü illərdə bunu bacarıb. Dünyanın ən yaxşı oyunçusu Rikardinyonun yer aldığı Portuqaliya millisi bu üç komandanın əsas rəqibi ola bilər”.
UEFA-nın Azərbaycan millisinə verdiyi qiymət də diqqət çəkir: “Qazaxıstan debüt mövsümündə, Serbiya isə son yarışda yarımfinal həyəcanı yaşayıb. Öz meydanında buna nail olan balkanlıların uğurunu Sloveniya da təkrarlamaq istəyir. Nadir hallarda 1/4 finaldan kənar qalan Ukrayna iki dəfə gümüş medala yiyələnib. Azərbaycan millisini izləmək çox maraqlıdı. Rumıniya yığması bu səviyyədə təcrübəyə malikdi. Polşa 2001-ci ildən sonra ilk dəfə final mərhələsinə yüksəlibsə, Xorvatiyaya şok darmadağın yaşadan Fransa çempionatın debütantıdı”.
Qeyd edək ki, Azərbaycan millisi final mərhələsinə D qrupunda başlayacaq. Yığmamız ən titullu komanda – İspaniya və debütant Fransa ilə mübarizə aparacaq.