Bakı – APA. Almaniya millisinin baş məşqçisi Yoahim Löv həyat yoldaşı ilə boşanmağa qərar verib. Apasport.az saytının məlumatına görə, bu xəbəri Almaniyanın “Bild” nəşri yayıb.
Ailəyə yaxın mənbələrə əsaslanan həmkarlarımız Yoahim və Daniela Löv cütlüyünün 36 illik sevgi münasibətlərinə son qoymaq barədə razılaşdıqlarını iddia edir. 1980-ci ildən bir yerdə olan, 1986-cı ildə isə nikahla münasibətlərini rəsmiləşdirən Lövlər son illər bir yerdə yaşamırdı.
Daniela ailənin Vitnaudakı evində yaşayırsa, Yoahim Berlində qalmağa üstünlük verir. Son vaxtlar anlaşa bilməyən ailə mədəni yolla, xoş münasibətlərlə ayrılmaq qərarına gəlib. Xanımı ailəni dağılmaqdan qorumaq üçün sonadək mübarizə aparsa da, onun təkbaşına səyləri nəticəsiz qalıb.
Qeyd edək ki, 56 yaşlı Yoahim Löv 2006-cı ildən baş məşqçisi olduğu Bundestimlə 2014-cü ilin dünya çempionu, 2010-cu ildə isə dünya üçüncüsü olub. AÇ-2008-də gümüş qazanan mütəxəssis AÇ-2012 və AÇ-2016-da bürünclə kifayətlənib.