Bank Of Baku

“Ekstazi işi” üzrə məhkəmədə şahidlər ifadə verib

“Ekstazi işi” üzrə məhkəmədə şahidlər ifadə verib
# 11 dekabr 2008 11:46 (UTC +04:00)
Bakı. Hafiz Heydərov -APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov, Bakı şəhərinin sabiq prokuroru Ədalət Mirsalamov və Əzizbəyov rayonunun sabiq prokuroru Rəşid Həsənovun övladları Mahir Mirsalamov və Yalçın Həsənov, sabiq polis kapitanı Vüqar Əliyev və daha 10 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA-nın məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə şahid ifadələri alınıb. Prosesdə şahid qismində ifadə verən Y. Həsənovun sevgilisi Səbinə Eyvazova istintaq zamanı verdiyi ifadələrini təsdiqləyib. O, Y. Həsənovun istintaq zamanı Milli Təhlükəsizlik Nazirliyində özünə görə yalan ifadə verməsinin şahidi olduğunu məhkəmənin diqqətinə çatdırıb. Daha sonra Y. Həsənov sevgilisinə müraciət edərək bunları deyib: “Səbinə, əgər məhkəmə məni təqsirkar bilərək 5 il müddətinə azadlıqdan məhrum edərsə, həbsdən çıxanadək məni gözləyəcəksən?”
S. Eyvazova isə onu ömrümün sonunadək gözləyəcəyini deyib. Onun sözləri məhkəmə zalında alqışlarla qarşılanıb. Daha sonra məhkəmədə digər şahidlərin ifadələri alınıb. Növbəti proses dekabrın 17-ə təyin edilib.
Qeyd edək ki, ittiham aktına əsasən Orxan Nadirov, Mahir Mirsalamlı, Yalçın Həsənov, Elşən Rüstəmov, Əli İsmayılov, Zubiyə Qulami, Vüqar Əliyev, Cavidan Əliyev, Ramin Həsənov, Kamilə Eyvazova, Elşən Budaqov, Həsən Həsənov, Mirəli Əliyev Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq), 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham olunurlar. Təqsirləndirilən şəxslər bu ilin mayında Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində həbs ediliblər. Onlardan narkotik vasitə olan “ekstazi” aşkarlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR