Bank Of Baku

Nərimanov rayon Polis İdarəsi: “Əbu Bəkr” məscidinin fəaliyyəti bərpa olunsa, ərazidə kameralar quraşdırılacaq

Nərimanov rayon Polis İdarəsi: “Əbu Bəkr” məscidinin fəaliyyəti bərpa olunsa, ərazidə kameralar quraşdırılacaq
# 11 dekabr 2008 14:30 (UTC +04:00)
APA-nın məlumatına görə, Nərimanov rayon məhkəməsində hakim Turqay Hüseynovun sədrliyi ilə keçirilən prosesə ABŞ səfirliyinin, Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyinin, digər beynəlxalq təşkilatların nümayəndələri də qatılıb. Prosesdə çıxış edən iddiaçı tərəfin maraqlarını müdafiə edən vəkil Cavanşir Süleymanov “Əbu Bəkr” məscidinin fəaliyyətinin dayandırılması ilə bağlı Nərimanov rayon Polis İdarəsinin qərarını qeyri-qanuni adlandırıb. O, belə bir addımın atılması üçün heç bir rəsmi sərəncamın olmadığını bildirib.

Prosesdə çıxış edən Nərimanov rayon Polis İdarəsinin rəis müavini Əkbər İsmayılov məscidin fəaliyyətinin “Polis haqqında qanun”un 18-ci maddəsinə əsasən müvəqqəti olaraq məhdudlaşdırıldığını bildirib: “Bu maddəyə əsasən bizim ərazimizdə olan binalara, obyektlərə qarşı hər hansı təhlükə gözlənilirsə, polis həmin obyektin fəaliyyətini dayandıra bilər. “Əbu Bəkr” məscidində baş verən hadisələrlə bağlı istintaq başa çatmayıb. Ötən həftə Respublika Prokurorluğu və Milli Təhlükəsizlik Nazirliyinin ekspert qrupu məsciddə növbəti araşdırma aparıb. Buna görə də istintaq prosesi başa çatana kimi məscidin fəaliyyətinə məhdudiyyət qoyulub”.

Məhkəmədə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin hüquq və qeydiyyat şöbəsinin müdiri Yusif Əsgərov ölkədə dini durumun sabit olduğunu bildirib: “Lakin “Əbu Bəkr” məscidinin bağlanması ilə bağlı hüquq-mühafizə orqanlarına daxil olan məlumatlara ciddi yanaşmaq lazımdır. Buna görə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi istintaq prosesi başa çatana kimi Nərimanov rayon Polis İdarəsinin mövqeyini dəstəkləyir”.

İddiaçı tərəfin vəkili Cavanşir Süleymanov prosesdə vəsatətlə çıxış edib. O, Nərimanov rayon Polis İdarəsinin məscidin fəaliyyətinin məhdudlaşdırılmasının zəruriliyi ilə bağlı məhkəməyə yazılı sübut təqdim etməsini istəyib. Hakim vəsatəti qəbul edib. Buna cavab olaraq Əkbər İsmayılov qeyd olunan addımın daxili əmr əsasında və “Polis haqqında qanun”a istinadən atıldığını vurğulayıb. Hakim yazılı əmrin surətinin məhkəməyə təqdim olunmasını istəyib. Daha sonra vəkil Cavanşir Süleymanov vəsatət qaldıraraq Milli Təhlükəsizlik Nazirliyinin “Əbu Bəkr” məscidində keçirdiyi əməliyyatla açıqlama verilməsini tələb edib. Digər bir vəsatət isə məsciddə azan verilməsinin bərpası ilə bağlı olub. Hakim hər iki vəsatəti rədd edib.

Nərimanov rayon Polis İdarəsinin rəis müavini Əkbər İsmayılov vəsatətlə çıxış edərək bildirib ki, məscidin ətrafında yaşayan sakinlərin prosesdə dindirilməsinə ehtiyac var: “Sakinlər bizə dəfələrlə müraciət edərək, həyatları üçün daim təhlükə olduğunu bildirirlər. Sakinlər həmçinin uşaqlarını sərbəst şəkildə dərsə göndərə bilmədiklərini də vurğulayırlar. Onların məhkəmədə dindirilməsinə ehtiyac var”. Bu vəsatət də hakim tərəfindən təmin olunub. Əkbər İsmayılov həmçinin məscidin fəaliyyəti bərpa olunduqdan sonra oranın mühafizəsi və təhlükəsizliyin təminatı ilə bağlı polis idarəsi tərəfindən plan hazırlandığını deyib. Rəis əvəzinin sözlərinə görə, hər hansı təhlükənin qarşısının alınması üçün məscidin ərazisində kameralar quraşdırılacaq və hər hansı təhlükə anında bu kameralardan istifadə olunmaqla təhlükənin mənbəyi müəyyənləşdiriləcək. Məhkəmə prosesi dekabrın 16-da davam etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR