İranda daşqalaq edilməklə ölümə məhkum olunmuş Səkinə Məhəmmədi Aştiani azadlığa buraxıla bilər

İranda daşqalaq edilməklə ölümə məhkum olunmuş Səkinə Məhəmmədi Aştiani azadlığa buraxıla bilər
# 27 iyun 2012 03:24 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İranda zinada və qətldə təqsirləndirilərək daşqalaq edilməklə ölümə məhkum olunmuş 45 yaşlı azərbaycanlı qadın Səkinə Məhəmmədi Aştiani azadlığa buraxıla bilər. APA-nın məlumatına görə, onun daşqalaq cəzasının həbslə əvəzləndiyi bildirilir. Bu səbəbdən Səkinə Məhəmmədinin 10 il həbs çəkərək 2016-cı ildə sərbəst qala biləcəyi və ya uzun müddətdir həbs yatdığı nəzərə alınaraq vaxtından əvvəl azadlığa buraxılacağı vurğulanır.
Səkinə Məhəmmədinin vəkili Məhəmməd Mustafayi bildirib ki, artıq daşqalaq cəzası gündəmdən çıxıb: “Hətta cəzasını tamamlamadan şərtli azadlığa da buraxıla bilər”.
Beynəlxalq Daşqalaq Əleyhinə Komitənin həmsədri Mina Əhədi isə deyib ki, rejim hələlik rəsmi olaraq daşqalaq cəzasını ləğv etdiyini açıqlamayıb: “Ancaq belə bir şey mümkün olacaq kimi görünür”.
Qeyd edək ki, 45 yaşlı, iki uşaq anası Səkinə Məhəmmədi Aştiani Təbrizdəndir. 6 ildir İranda həbsdə saxlanır. O, həyat yoldaşı qətlə yetiriləndən sonra iki kişi ilə zina etməkdə günahlandırılaraq 2006-cı ildə həbs olunub. Təbriz Məhkəməsi əvvəlcə onu 99 zərbə şallaq cəzasına məhkum edib və hökm icra olunub. Sonradan Səkinə Məhəmmədi Aştianiyə yeni iş açılıb. O, həyat yoldaşının qətlində iştirakda və onun sağlığında da xəyanət etməkdə günahlandırılıb, daşqalaq yoluyla ölümə məhkum olunub. Azərbaycanlı qadın əvvəlcə günahını etiraf etsə də, sonradan etirafın ondan təzyiq altında alındığını bildirərək, irəli sürülən bütün ittihamları rədd edib.
Xatırladaq ki, Səkinə Aştiyaninin ilk vəkili Hutən Kiyan 6 il azadlıqdan məhrum edilib.
Hutən Kiyan 2010-cu il oktyabrın 10-da Səkinə Məhəmmədi Aştiyaninin oğlu Səccad Qadirzadə və onlardan müsahibə almaq istəyən iki alman jurnalistlə birlikdə İranın İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən ofisində həbs olunub. Əvvəlcə ETTELAAT-ın təcridxanasında saxlanılan vəkilin sonradan Tehranın Evin həbsxanasının 209-cu bölməsində köçürülərək işgəncələrə məruz qaldığı bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR