Bank Of Baku

Şəmkirdə silahlı basqın və quldurluqla məşğul olan mütəşəkkil cinayətkar dəstənin 5 üzvü həbs edilib

Şəmkirdə silahlı basqın və quldurluqla məşğul olan mütəşəkkil cinayətkar dəstənin 5 üzvü həbs edilib
# 21 fevral 2008 09:04 (UTC +04:00)
Şəmkir. Ayxan Hüseynov - APA. Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində qısa müddət ərzində yeddi müxtəlif cinayətlər törədən 5 nəfərdən ibarət cinayətkar dəstənin üzvlərini həbs etmək mümkün olub. Quldur dəstəsi fevralın 10-da törətdikləri silahlı basqın hadisəsindən sonra isti izlərlə keçirilən əməliyyat nəticəsində həbs ediliblər. Şəmkir RPŞ-nin əməliyyat işi üzrə rəis müavini, polis polkovniki İmaməddin Namazovun APA-nın Qərb bürosuna verdiyi məlumata görə, fevralın 10-da rayonun Sarıtəpə kəndində Mahir Xəlilova məxsus fermaya silahlı basqın olub. Basqınçılar ferma sahibini və çobanları odlu silahla təhdid edərək, onlarda olan 450 manat pulu götürərək aradan çıxıblar. İlkin araşdırma zamanı basqınçıların istifadə etdiyi avtomobil müəyyənləşib. Məlum olub ki, quldurlar fermaya basqından əvvəl Tovuz sakini Seymur Abdullayevi silahla hədələyərək onun avtomobilini zorla ələ keçirib, sürücünün isə əl-qolunu bağlayaraq maşının arxa hissəsinə atıblar. Bir müddət sonra polis şöbəsinə gələn maşının sahibi S. Abdullayev silahlı basqına məruz qaldığı barədə məlumat verib. Əməliyyat qrupu cinayətdə istifadə olunan maşını Bakı-Qazax yolunun Şəmkir rayonunun Sarıtəpə kəndi ərazisindən keçən hissəsisndə bataqlıq ərazidə tapıblar. Dərhal cinayət törətmiş şəxslərin müəyyən olunması istiqamətində tədbirlər keçirilib və fevralın 13-də Şəmkir rayonunun Könüllü kənd sakinləri Qurbanov Şahin Oqtay oğlu, Ələkbərov Eldəniz Hüseyn oğlu və Məmmədov Sarvan Tahir oğlu şübhəli şəxs qismində həbs olunublar. Onlar ilkin dindirmə zamanı törətdikləri cinayətləri etiraf ediblər. İstintaqda həbs olunan şəxslərin digər rayonlarda da quldurluq hadisələri törətdiyi müəyyənləşdirilib. Cinayətkar dəstənin Şəmkir-Gəncə yolu üzərində yerləşən qazdoldurma məntəqəsinə, Samux rayon Alabaşlı kənd sakini Arzuman Cumalı oğlu Səfərovun evinə, Şəmkir rayon Qaracəmilli kənd sakini Teymur Qurbanovun evinə, Xanlar rayonunun Nadel kəndində həkim Elşən Qoçuyevin stomatoloji kabinetinə silahlı basqın etdiyi müəyyənləşib. Bundan başqa, cinayətkar dəstənin Gəncə və Samuxun Alabaşlı kəndi daha bir necə cinayət hadisəsi planlaşdırdığı, lakin müəyyən səbəblərdən planlarını həyata keçirə bilmədiyi istintaq yolu ilə təsdiqlənib. İmaməddin Namazovun sözlərinə görə, cinayətkar dəstənin 5 üzvü həbs olunsa da, dəstənin tərkibinin daha geniş olduğu istisna edilmir. Qeyd edək ki, saxlanan zaman dəstənin üzvü Şahin Qurbanovdan cinayətlərdə istifadə etdiyi “Beretta” markalı tapança, Eldəniz Ələkbərovun üzərindən “Beretta” markalı oyuncaq tapanca, hadisə zamanı istifadə olunan iki ədəd maska, cinayət zamanı izi itirmək üçün istifadə etdiklri ayaqqabı və çoxlu sayda kəsici-deşici alətlər aşkar edilərək götürülüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR