2021-ci ildə bizə Ermənistan 3 dəfə mina sahələrinə dair 900-dən yuxarı formulyarları təqdim edib, bu, 1-ci təmas xəttinə aid əraziləri əhatə edirdi. Əslində isə heç bu əraziləri də tam əhatə etmirdi.
APA xəbər verir ki, bunu Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) yaradılmasının 28-ci ildönümü ilə əlaqədar keçirilən brifinqdə Agentliyin İdarə Heyəti sədri Vüqar Süleymanov deyib.
ANAMA sədri bildirib ki, normativ texniki qaydalara əsasən mina sahələrinin formulyarlarında koordinatlar, istinad nöqtələri, basdırılmış minaların növləri, sayları, ara məsafələri, basdırılma və gizlətmə üsullarına dair məlumatlar qeyd olunur: “Lakin təqdim edilən formulyarlarda məlumatlar qeyri-dəqiq, etibarsız və natamam əks olunub. Formulyarlar üzərində təhlil və emal işləri aparıldıqdan sonra qeyd edilən məlumatların real mina sahələri ilə uzlaşmadığı, istinad nöqtələrinin koordinatlarının yanlış və yararsız olduğu, 25% dəqiqliyi və etibarlığı əks etdiyi müəyyən edilib”.
ANAMA sədri yeni mina formulyarlarının təqdim ediləcəyi ilə bağlı yenilik olmadığını da diqqətə çatdırıb.