Qazax rayonunun işğaldan azad edilmiş ərazilərində 2024-cü ilin aprel ayından etibarən sərhəd mühafizəsinin təşkili məqsədilə minatəmizləmə əməliyyatları icra olunub.
Bunu Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) yaradılmasının 28-ci ildönümü ilə əlaqədar keçirilən brifinqdə Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov APA-nın sualına cavabında deyib.
Onun sözlərinə görə, 2025-ci ildən etibarən isə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunan plana uyğun olaraq yaşayış məntəqələrinin mina və digər partlayıcı sursatlardan təmizlənməsi fəaliyyəti icra edilir.
Vüqar Süleymanov qeyd edib ki, icra edilən əməliyyatlar zamanı 357.4 ha ərazi təmizlənib, 1 154 ədəd piyada əleyhinə mina, 146 ədəd tank əleyhinə mina və 62 ədəd digər partlayıcı sursat aşkar edilərək zərərsizləşdirilib.