DİN Bakı-Sumqayıt yolunda baş verən qəza ilə bağlı məlumat yayıb.
APA xəbər verir ki, məlumata əsasən, Bakı-Sumqayıt yolunda iki avtobusun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı Baş DYP İdarəsindən bildirilib ki, avqustun 2-si saat 11 radələrində Bakı-Sumqayıt avtomobil yolunun 29-cu kilometrliyində Hüseynov Nazim Kazım oğlunun Bakı-Sumqayıt ekspres marşurut xətti üzrə idarə etdiyi “NEOPLAN” markalı, 99-JH-667 dövlət qeydiyyat nişanlı avtobus qarşıda gedən Yunusov Adil Şəmil oğlunun idarə etdiyi, 42 nömrəli marşurut xətti üzrə hərəkətdə olan “İSUZU” markalı, 50-DO-539 dövlət qeydiyyat nişanlı avtobusla toqquşub.
Toqquşmadan sonra “İSUZU” markalı avtobus yoldan çıxaraq aşıb və nəticədə 1 nəfər sərnişin hadisə yerində həyatını itirib. Əraziyə yol polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.
***
12:39
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 11:20 radələrində Bakı-Sumqayıt magistralında yol-nəqliyyat hadisəsi baş verməsi səbəbilə çağırış daxil olub.
Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Hadisə yerinə 8 təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən hadisə yerində 1 nəfərin həkiməqədər ölümü qeydə alınıb.
Qəza nəticəsində xəsarət alan digər 18 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslərdən 2-si reanimasiyaya yerləşdirilib. Vəziyyətləri ağır qiymətləndirilir. Digər şəxslərə isə Təcili yardım şöbəsində zəruri tibbi yardımlar göstərilir. Vəziyyətləri orta ağır qiymətləndirilir.
***
12:22
Bakı-Quba yolunda iki sərnişin avtobusunun toqquşması nəticəsində 1 nəfər ölüb, 18 nəfər yaralanıb.
APA xəbər verir ki, hadisə Bakı-Quba yolunun 29-cu kilometrliyində, Ceyranbatan ərazisindən keçən hissəsində qeydə alınıb.
***
11:59
Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib, iki sərnişin avtobusu toqquşub.
APA xəbər verir ki, hadisə Bakı-Quba yolunun 29-cu kilometrliyində qeydə alınıb.
Hadisə zamanı 10 nəfərdən çox yaralının olduğu bildirilir.