Dələduzluğa görə həbsdə olan Səbuhi Rəcəb dünya çempionu ilə birgə yenidən məhkəmə qarşısına çıxarılır

Dələduzluğa görə həbsdə olan Səbuhi Rəcəb dünya çempionu ilə birgə yenidən məhkəmə qarşısına çıxarılır
# 04 iyun 2024 17:25 (UTC +04:00)

Azərbaycan Kikboksinq və Sambo Federasiyalarında döyüş sambosu üzrə sabiq vitse-prezidenti, hazırda həbsdə olan Səbuhi Rəcəbin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

APA xəbər verir, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bu iş üzrə digər təqsirləndirilən isə Kikboksinq üzrə üçqat dünya çempionu, Əməkdar idman ustası Elman Mirzəyevdir.

Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Onlar ümumilikdə 1 milyon manatlıq dələduzluqda ittiham edilir.

Xatırladaq ki, keçən il sentyabr ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səbuhi Rəcəb 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Səbuhi Rəcəb üç nəfərə yalan vəd verərək onlara qarşı 341 min manatlıq dələduzluq edib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Səbuhi Rəcəb 2003-2006-cı illərdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində inzibati və cinayət hüququ şöbəsində işləyib. O, 2014-2015-ci illərdə isə Azərbaycan Sambo Federasiyasında Döyüş Sambosu (Kombat Sambo) üzrə vitse-prezidenti, 2018-ci ildən isə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyinin vitse-prezidenti olub.

Səbuhi Rəcəb 2020-ci ildə 13 saylı Xəzər-Pirallahı dairəsindən deputatlığa namizəd olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR