Kəngərlidə baş verən yol qəzasında xəsarət alanların vəziyyəti məlum olub.
APA xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinin növbətçi həkimi Əfruz Hüseynova məlumat verib.
"Bu gün günorta saatlarında xəstəxanamıza 5 nəfər yol-nəqliyyat hadisəsi nəticəsində yardım briqadamız tərəfindən çatdırılıb. Xəstələr ilkin tibbi müayənələrdən keçirilib, vəziyyətləri orta-ağırdır, hazırda müayinə və müalicə prosesi davam etdirilir", - Əfruz Hüseynova qeyd edib.
***
19:05
Kəngərlidə minik avtomobili aşıb, yeniyetmə ölüb, xəsarət alanlar var.
APA xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistralının 22-ci kilometrliyində, Kəngərli rayonunun Yeni Kərki kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
"Hyundai" markalı avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı avtomobildə olan 2010-cu il təvəllüdlü Seyidov Mirməhərrəm Afət oğlu ölüb.
Digər sərnişinlər - 1998-ci il təvəllüdlü Məmmədova Gülşən Məmmədbağır qızı, 2009-cu il təvəllüdlü Seyidova Aytac Əlu qızı, 1959-cu il təvəllüdlü Quluzadə Telli Alı qızı, 1981-ci il təvəllüdlü Seyidova Rüqəyyə Bağır qızı və 2023-cü il təvəllüdlü Məmmədov Araz Pərviz oğlu xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.