"Müdafiə sənayesi sahəsində nəhəng tədbirlərdən olan ADEX və "Caspian Securex" sərgilərində 37 ölkədən 218 şirkət iştirak edəcək. 14 ölkə isə sərgidə öz pavilyonu ilə iştirak edəcək".
APA xəbər verir ki, bunu Müdafiə Sənayesi Nazirliyinin aparat rəhbəri Samir Ağabalayev bugünkü mətbuat konfransında söyləyib.
Aparat rəhbəri onu da əlavə edib ki, İtaliya, Slovakiya, Qətər və Macarıstan ilk dəfə olaraq öz pavilyonu ilə təmsil olunacaq:
"Hər iki sərgi miqyasına görə ölkəmizin müdafiə sənayesinin gücünü nümayiş etdirir. Bu sərgilər iştirakçılar arasında səmərəli əlaqələrin qurulmasına şərait yaradır. Bu ilki sərgilər miqyasına görə daha genişdir. Belə ki, sərgi Bakı Ekspo Mərkəzi ilə yanaşı açıq havadakı pavilyonlarda da keçiriləcək. Ölkəmizin milli pavilyonu 4 stend ilə iştirak edəcək. Onu da deyim ki, sərgilənəcək silahlarımız Azərbaycanın yerli mütəxəssisləri tərəfindən hazırlanıb. Budəfəki sərgidə həm Müdafiə Sənayesi Nazirliyi, həm də "Azərsilah" tərəfindən bir sıra xarici istehsalçılarla əməkdaşlıq müqavilələrinin imzalanması gözlənilir".
O deyib ki, imzalanacaq tərəfdaşlıq sənədləri barədə məlumatlar tədbir öncəsində ictimaiyyətin diqqətinə çatdırılacaq:
"Sərgi çərçivəsində bir neçə əməkdaşlıq müqavilələrinin imzalanması nəzərdə tutulur. Memorandumların hazırlanması prosesi tam olaraq yekunlaşmadığı üçün bu barədə məlumat verə bilməyəcəyik. Düşünürük ki, bu məlumatlar sərgidən əvvəl bizim tərəfimizdən mətbuat vasitəsilə geniş ictimaiyyətə təqdim olunacaq".