Füzuli şəhərinin işğaldan azad olunmasının 4-cü ildönümü ilə əlaqədar şəhər və yaxınlığında yerləşən Məngələnata yüksəkliyinə media-tur təşkil olunub.
APA-nın əməkdaşı xəbər verir ki, Müdafiə Nazirliyinin təşkil etdiyi media-turda media nümayəndələri ilə yanaşı Vətən müharibəsinin iştirakçısı olan hərbçilər, ekspertlər iştirak edib.
Şəhərin və ətraf yüksəkliklərin işğaldan azad edilməsi əməliyyatlarında iştirak etmiş Azərbaycan Ordusunun zabiti döyüşlər zamanı şəhid olan silahdaşlarını ehtiramla andığını deyib, sözügedən əməliyyatlar barədə danışıb: “Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın əmri ilə Ermənistan ordusunun hücumunun qarşısını alaraq 27 sentyabrda əks-hücum əməliyyatı həyata keçirdi. Bu əməliyyat zamanı Füzuli rayonu istiqamətində, Alxanlı kəndindən ön xətt yarılaraq Füzuli istiqamətinə əməliyyat başlandı. Həmin istiqamətdə irəliləyən Ordumuz bir neçə gün davam edən döyüşlərdə istəyinə nail oldu. Yəni düşmənin döyüş əzmini qıraraq Füzulini azad etdik. Bundan sonra Məngələnata dağına doğru irəliləməyə başladıq. Məngələnata dağının strateji əhəmiyyəti çox böyük olduğuna görə bu yüksəkliyi azad etmək mühüm əhəmiyyət kəsb edirdi”.
Zabit, dağın azad edilməsi üçün iki istiqamətdən-Hadrut və Füzuli şəhəri istiqamətindən hərəkət olunduğunu deyib.
Qeyd olunub ki, yüksəkliyi əldən vermək istəməyən düşmən zirvədə bir bölüyə qədər canlı qüvvə və artileriya vasitələri ilə müdafiə olunmağa başlayıb.
Döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Ordusunun çavuşu Ermənistan ordusunun ciddi müqaviməti ilə qarşılaşdıqlarını bildirib. Lakin buna baxmayaraq, cəsur döyüşçülər orada cəmlənən düşmən qüvvələrinin böyük hissəsini məhv edərək strateji yüksəkliyi azad edib.
Media-turda iştirak edən hərbi şərhçi Ramil Məmmədli Füzuli şəhəri və Məngələnata dağının azad edilməsi ilə düşmənin ətraf əraziləri birləşdirən rabitə-təminat yollarının bağlandığını vurğulayıb: “Oktyabr ayının təxminən 4-ü-5-i tarixlərindən başlayaraq, Azərbaycan Ordusu Hadrut və Füzuli istiqamətlərində hərbi əməliyyatlara başladı. Oktyabrın 7-i-9-u tarixlərini Cəbrayıl rayonundan keçməklə, Hadrut və Ərgünəş dağının azad edilməsindən sonra artıq Füzulinin işğaldan azad edilməsi əməliyyatının başlanğıcı kimi qiymətləndirmək olar. Azərbaycan Ordusu əslində daha əvvəl Füzulini işğaldan azad etmək istəyirdi. Sadəcə, məlum olduğu kimi Füzuli şəhəri və ətraf yaşayış məntəqələri düşmənin birinci və ikinci müdafiə eşelonuna daxil olduğuna görə Azərbaycan Ordusu bu amilləri nəzərə aldı. Vaxt itkisinə yol verməmək üçün məhz Hadrutu və Ərgünəş dağını işğaldan azad etdi. Bununla da Qırmızı Bazar - Şuşa - Xankəndi-Füzuli arasında olan təminat-təchizat yollarını bağlaya bildi.
İkinci mərhələdə isə artıq Füzuli ilə Hadrut yaşayış məntəqəsi arasında olan təminat yollarını bağlamaq və həmin əraziləri işğaldan azad etmək qarşıda durudu. Məhz bu məqsədlə Azərbaycan Ordusu Məngələnata yüksəkliyini işğaldan azad etdi. Bununla da Qarğabazar və Füzuli şəhəri tam nəzarətə götürüldü”.
Şişqaya zirvəsi və Ərgünəş dağının tam nəzarətə götürülməsindən sonra Məngələnata dağının da düşməndən təmizlənməsi qarşı cəbhədə döyüş qabiliyyətini demək olar ki, darmadağın edib. İstər taktiki cəhətdən manevr etmə, istərsə də təminat yollarının əldən verilməsi cəbhənin sözügedən istiqamətində işğalçı ordunu geri çəkilməyə vadar edib.
Beləliklə, 27 il işğalda olan Füzuli şəhəri oktyabrın 17-də qəhrəman Azərbaycan Ordusu tərəfindən azad edilərək əzəli və əbədi sahiblərinə qaytarıldı.