Hərbi qulluqçular əyani təhsil almaqla əlaqədar (vəzifədə saxlanılması mümkün olmadığı hallarda) təhsil müddətində sərəncamda olacaqlar.
APA xəbər verir ki, bu, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara təklif edilən dəyişiklikdə əksini tapıb.
“Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin qüvvədə olan 150-ci maddəsinə əsasən, hərbi qulluqçular rəsmiləşdirilmiş icazə əsasında ali mülki və orta ixtisas təhsili müəssisələrində hərbi ixtisasına yaxın olan və ya icra etdiyi işin xarakterinə uyğun olan xüsusi biliklərin artırılmasına imkan verən ixtisaslar üzrə, habelə mülki ali təhsil müəssisələrinin, nazirlik və komitələrin nəzdindəki kurslarda (xüsusi fakültələrdə) oxuya bilərlər.
Layihəyə əsasən, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun38.2-ci maddəsində nəzərdə tutulan hərbi qulluqçularının sərəncamda olma müddətlərinə yeni müddətin –“Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 150-ci maddəsinə uyğun olaraq əyani təhsil almaqla əlaqədar (vəzifədə saxlanılması mümkün olmadığı hallarda) hərbi qulluqçunun təhsil müddətində sərəncamda olmasının əlavə edilməsi təklif edilir.