Bakı. Hafiz Heydərov - APA. "Azərbaycan Silahlı Qüvvələrinin Baş Klinik Hospitalın Ürək-Damar Mərkəzindəki cihazlar Gülhanə Hərbi Tibb Akademiyasındakı cihazlardan moderndir".
Bunu APA-ya açıqlamasında Azərbaycanda səfərdə olan Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasının kardiologiya klinikasının rəhbəri, professor Atilla İyisoy bildirib.
Azərbaycan Silahlı Qüvvələrinin Baş Klinik Hospitalında ezamiyyətdə olduğunu söyləyən A. İyisoy öz bilik və təcrübəsini azərbaycanlı həmkarları ilə bölüşdüyünü açıqlayıb: “Mən Bakıya birinci dəfə 17 il öncə – 1999-cu ilin fevralında gəlmişdim. O zaman Azərbaycan Silahlı Qüvvələrinin Baş Klinik Hospitalında bir sıra çətinliklər, sıxıntılar var idi. Lakin bu gün hospital tanınmaz olub. Əvvəlki dövrlə müqayisə etsək, hospital indi modern bir tibb ocağına çevrilib. Bura hazırda ən müasir avadanlıqlarla təmin edilib, Azərbaycan Silahlı Qüvvələri əsgər və zabitlərinin yüksək səviyyədə müayinə və müalicəsi aparılır. Bir nümunə deyim. Bizim yetərincə müasir, peşəkar tibb mütəxəssislərinə malik Gülhanə Hərbi Tibb Akademiyasının kardiologiya klinikasında ekokardioqram cihazlarımız var. Bakıda Baş Klinik Hospitalın Ürək-Damar Mərkəzi ilə tanış olarkən gördüm ki, burada kardioloqların yararlandığı cihazlar onlardan da moderndir. Mən buna doğrusu, bir qədər heyrətləndim. Amma səmimi olaraq Azərbaycanda hərbi təbabətin inkişafına, uğuruna olduqca sevindim, qürur duydum. Biz qardaş ölkələrik və bir-birimizin uğurlarına ancaq sevinməliyik. Hospitalın Ürək-Damar Mərkəzində qısa zamanda olduqca çətin əməliyyatlar, o cümlədən xeyli sayda açıq ürək əməliyyatları həyata keçirilib. Mərkəzdə bacarıqlı bir kollektivin çalışdığını gördüm. Bunu çox yüksək dəyərləndirirəm”.
A. İyisoy qeyd edib ki, Azərbaycanla Türkiyə arasında hərbi sahədə də sıx işbirliyi var: "Azərbaycanın hərbi tibb mütəxəssisləri Türkiyədə, Gülhanə Hərbi Tibb Akademiyasında təhsil alırlar, ölkəniz üçün zəruri ixtisaslara yiyələnirlər və peşəkar tibb mütəxəssisləri kimi Azərbaycana qayıdır, hərbçilərə, onların ailələrinə ixtisaslı tibbi xidmət göstərirlər".