Azərbaycan QHT-ləri İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana açıq məktub ünvanlayıb.
APA xəbər verir ki, məktubda deyilir:
“Hörmətli cənab Prezident!
Biz - Azərbaycan Respublikasının vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri öncə Sizə dərin ehtiramımızı ifadə edirik.
Sizin işğaldan azad edilmiş doğma Xankəndiyə və hər bir azərbaycanlı üçün əziz olan Şuşa şəhərinə səfərinizi, Azərbaycan Respublikasına münasibətdə nümayiş etdirdiyiniz xoş məramı, Azərbaycan və İran İslam Respublikası arasında mehriban qonşuluğa verdiyiniz önəmi, eləcə də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevlə qarşılıqlı hörmətə, etimada və səmimiyyətə əsaslanan münasibətlərinizi yüksək qiymətləndiririk.
Sizin həkim kimi onlarla azərbaycanlı pasiyenti əməliyyat etməyiniz, onlara böyük diqqət və qayğı ilə yanaşmağınız, insanlara xidmət amalınız, eləcə də ictimai xadim kimi vətəndaşlıq mövqeyiniz Azərbaycan xalqının Sizə olan rəğbətini daha da artırıb.
Hörmətli cənab Prezident!
Sizin Azərbaycan dilinə, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə və zəngin ədəbi irsinə bəslədiyiniz məhəbbət və hörmət təqdirəlayiqdir. Müxtəlif çıxışlarınızda ana dilində şeirlər səsləndirməyiniz, Azərbaycan atalar sözlərinə müraciət etməyiniz, ailə üzvlərinizlə doğma ana dilində ünsiyyət qurmağınız və bu dilə bağlılığınızı qürurla nümayiş etdirməyiniz əvəzsizdir.
Bütün bunlar Sizin üçün Azərbaycan dilinin sadəcə ünsiyyət vasitəsi deyil, həm də mənəvi kimliyin, tarixi yaddaşın və milli mənsubiyyətin ayrılmaz hissəsi olduğunu göstərir.
Məhz bu baxımdan inanırıq ki, ana dilinin insan həyatında daşıdığı müstəsna əhəmiyyəti qiymətləndirən bir dövlət başçısı kimi Siz İranda yaşayan milyonlarla azərbaycanlının öz doğma dilində təhsil almaq arzusuna da xüsusi həssaslıqla yanaşacaqsınız.
Hesab edirik ki, İranın ictimai-siyasi, iqtisadi mədəni və digər sahələrdə həyatında həmişə mühüm rol oynayan azərbaycanlıların ana dilində təhsil imkanlarının təmin olunması istiqamətində tarixi addımlar atmağın vaxtı çatıb.
Bu gün həmin tarixi irsin layiqli davamçıları olan milyonlarla insanın öz ana dilini qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə ötürmək imkanlarının genişləndirilməsi həm mənəvi məsuliyyət, həm də tarixi ədalət məsələsidir.
Sizdən xahiş edirik ki, İran İslam Respublikasında yaşayan azərbaycanlıların ölkə Konstitusiyasında təsbit olunmuş ana dilində təhsil imkanlarının təmin olunması istiqamətində qətiyyətli və əməli addımlar atılmasına şəxsən təşəbbüs göstərəsiniz.
Hesab edirik ki, bu məqsədlə Azərbaycan dilinin məktəblərdə sistemli şəkildə tədrisinin təşkil edilməsini, Azərbaycan dilində təhsil verən orta və ali təhsil müəssisələrinin yaradılmasını, müvafiq pedaqoji kadrların hazırlanmasını, dərslik və tədris proqramlarının işlənib hazırlanmasını, eləcə də bu istiqamətdə zəruri hüquqi və institusional mexanizmlərin formalaşdırılmasına ehtiyac duyulur.
Əminik ki, belə bir təşəbbüs yalnız milyonlarla insanın çoxdankı arzusunun gerçəkləşməsinə xidmət etməyəcək, həm də İranın mədəni müxtəlifliyinə verilən yüksək dəyərin, ədalətə və bərabərliyə sadiqliyin parlaq nümunəsinə çevriləcəkdir.
Ana dilində təhsil almaq imkanı yaratmaq bir xalqın keçmişinə göstərilən ehtiram, bu gününə verilən dəyər və gələcəyinə qoyulan ən qiymətli sərmayədir.
Hörmətli cənab Prezident!
İnanırıq ki, məhz Sizin prezidentliyiniz dövründə bu istiqamətdə tarixi addımlar milyonlarla azərbaycanlının yaddaşında silinməz iz qoyacaq, həmişə minnətdarlıqla yad ediləcəkdir.
Biz – Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri də bu nəcib missiyanın həyata keçirilməsinə, ana dilində təhsilin inkişafına, elmi-pedaqoji və mədəni əməkdaşlığın genişləndirilməsinə öz imkanlarımız daxilində hər cür dəstək verməyə hazır olduğumuzu bildiririk.
Bu məktubumuzu qələmə alarkən, Sizin də daim böyük sevgi və ehtiramla yad etdiyiniz Azərbaycanın və İranın qüdrətli söz ustadı Məhəmmədhüseyn Şəhriyarın ana dilimizə həsr etdiyi ölməz misralarını dərin duyğularla xatırlayırıq.
İnanırıq ki, ana dilinə böyük məhəbbət bəsləyən bir Prezident kimi Siz bu tarixi missiyanın gerçəkləşməsi üçün öz layiqli töhfənizi əsirgəməyəcəksiniz”.
Açıq məktub 55 QHT adından ünvanlanıb.