Paşha Bank
Bank Of Baku

GECF: Dünyada təbii qaza tələbatın sürətlə artacağı gözlənilir

GECF: Dünyada təbii qaza tələbatın sürətlə artacağı gözlənilir
# 26 oktyabr 2026 13:40 (UTC +04:00)

Qlobal böhranlar silsiləsinə və enerji təchizatının təhlükəsizliyinə yanaşmaların dəyişməsinə baxmayaraq, dünyada təbii qaza tələbat artmaqda davam edəcək. Bu isə qaz şirkətlərini sahəyə investisiyaları daha seçici və təchizat zəncirlərinin dayanıqlığının təmin edilməsinə yönəlmiş strateji yanaşma əsasında həyata keçirməyə vadar edir.

Bunu Qaz İxrac edən Ölkələr Forumunun (GECF) baş katibi Filip Mşelbila Rusiyanın“Vesti” iinformasiya portalına müsahibəsində bildirib.

O, son dövrlərdə dünyanın iri qaz şirkətlərinin yeni yataqların işlənməsinə investisiya qoyuluşlarının necə dəyişdiyindən danışıb.

“Son altı ildə üç böhranın şahidi olmuşuq. Əvvəlcə COVID-19 pandemiyası baş verdi və tələbat kəskin şəkildə çökdü. Daha sonra Ukrayna münaqişəsi başladı. Lakin bu halda məsələ tədarük çatışmazlığında deyil, daha çox istehlakçıların Rusiya qazını almaqdan imtina etməsində idi. İndiki vəziyyətdə isə nəqliyyat marşrutu ən dar hissəsində bağlanıb və məhsulu bazara çatdırmaq imkanı yoxdur.

Bu böhranların hər biri mahiyyət etibarilə fərqlidir, lakin onların nəticələri oxşardır: istehlakçılar tələb olunan həcmdə qazı əldə edə bilmirlər. Burada həm fiziki tədarüklə bağlı amillər, həm kommersiya mülahizələri, həm də etimadın itirilməsindən qaynaqlanan çətinliklər rol oynayır. Düşünürəm ki, bu, mühüm amildir.

İnvestorlara gəlincə, onlar yalnız bu günə baxmır, gələcəyi də nəzərə alırlar. Bizim proqnozlarımıza görə, qarşıdakı 30 il ərzində təbii qaza tələbat əhəmiyyətli dərəcədə artacaq. Qiymətləndirmələrimizə əsasən, bu müddətdə tələbat 31% artacaq, enerji balansında qazın payı isə 23%-dən 26%-ə yüksələcək. Bu, real artımdır. Bərpa olunan enerji mənbələrini nəzərə almasaq, təbii qazın artım tempi ən yüksək olacaq”, - deyə Filip Mşelbila bildirib.

Onun sözlərinə görə, təbii qaza tələbatın artması onun digər karbohidrogenlərlə müqayisədə daha təmiz yanacaq olması və normal şəraitdə kifayət qədər əlçatanlığı ilə bağlıdır. Bundan əlavə, qaz enerji keçidinin həyata keçirilməsində və iqlim dəyişikliyinin nəticələrinin yumşaldılmasında mühüm rol oynayır.

“Məhz buna görə hesab edirik ki, təbii qazın gələcəyi uzunmüddətlidir və bu, sahəyə investisiyaların cəlb olunmasını davam etdirəcək. Fikrimizcə, şirkətlər səviyyəsində investisiyalar davam edəcək. Lakin onlar daha seçici xarakter daşıyacaq və daha strateji istiqamətə yönələcək.

Artıq yalnız vəsaitin hara yatırılacağını və ya tələb olunan resursun harada olduğunu bilmək kifayət deyil. Resursların harada hasil edildiyini, satış bazarlarının harada yerləşdiyini və məhsulun bazara hansı marşrutla çatdırıldığını da bilmək lazımdır. Təchizat zəncirinin pozulması, hətta böhran şəraitində belə, onun dayanıqlılığını necə təmin etməyin yolları nəzərə alınmalıdır”, - deyə o əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR