AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC İçərişəhərdə, Böyük Qala 55 küçəsində və ya ünvanında yerləşən yeni AZ1005 indeksli poçt şöbəsini istifadəyə verib.
"APA-Economics" xəbər verir ki, açılış mərasimində Ümumdünya Poçt İttifaqının (ÜPİ) Beynəlxalq Bürosunun baş direktoru Masahiko Metoki, Filateliyanın İnkişafı və Sənədli İrs Proqramının rəhbəri Benjamin Combes, “Azərpoçt”un İdarə Heyətinin sədri və üzvləri iştirak ediblər.
Yeni məkanın yaradılmasında məqsəd Bakının qədim və turistik zonası olan İçərişəhərdə şəhərimizin sakinləri ilə yanaşı, qonaqlarına da poçt xidmətlərini daha fərqli formada təqdim etməkdir. Belə ki, burada poçt istifadəçiləri üçün universal poçt xidmətləri ilə yanaşı, e-kommersiya, eləcə də filateliya məhsullarının satışı baş tutacaq.
“İçərişəhərdə yaradılan bu poçt şöbəsi poçtun yalnız xidmət infrastrukturu deyil, həm də insanları, mədəniyyəti və ölkələri birləşdirən platformadır. Azərbaycanın beynəlxalq poçt əməkdaşlığında fəal iştirakı və filateliyaya göstərdiyi diqqət təqdirəlayiqdir” deyə Ümumdünya Poçt İttifaqının Beynəlxalq Bürosunun baş direktoru Masahiko Metoki bildirib.
Açılış zamanı qonaqlara poçt şöbəsinin fəaliyyəti və təqdim olunan xidmətlər barədə məlumat verilib, Azərbaycan filateliyasının seçilmiş nümunələri nümayiş etdirilib.