Bakıda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Gənclər Qolunun 2-ci toplantısı başlayıb - FOTOSESSİYA

Bakıda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Gənclər Qolunun 2-ci toplantısı başlayıb - <span style="color: red;">FOTOSESSİYA
# 14 avqust 2013 07:04 (UTC +04:00)

APA-nın məlumatına görə, toplantıda 18 ölkədən təxminən 120 gənc siyasətçi də iştirak edir.

Tədbirdə İCAPP-ın rəhbərliyində təmsil olunan şəxslər, hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, İCAPP-ın Daimi Komitəsinin üzvü Əli Əhmədov, İCAPP-ın həmtəsisçisi Xose De Venesia, təşkilatın baş katibi Çunq Ey Yonq, Pakistan Müsəlman Liqasının baş katibi, İCAP Daimi Komitəsinin üzvü Müşahid Hüseyn, İCAPP Gənclər Qolunun sədri, Malayziya Baş nazirinin xüsusi məsləhətçisi Dato Seri Şahidan Kasım və İCAPP Daimi Komitəsinin üzvü, Taylandın nümayəndəsi Naline Tavesin toplantıda iştirak edirlər.

Çıxış edən Malayziya Baş nazirinin xüsusi məsləhətçisi Dato Seri Şahidan Kasım bildirib ki, İCAPP Gənclər Qolunun ilk iclası 2012-ci ildə Malayziyanın Kuala-Lumpur şəhərində həmin ölkənin baş nazirinin iştirakı ilə keçirilib. O deyib ki, Bakıda öz işinə başlayan toplantı çox məhsuldar olacaq: “Mən çox optimistəm ki, bizim ötən müddət ərzində gördüyümüz işlər 2015-ci ildə öz nəticələrini verəcək. Biz artıq növbəti mərhələyə qədəm qoyuruq”.

O qeyd edib ki, Bakıda keçirilən tədbirə Asiya ölkələrindən olan müxtəlif baxışlara malik gənclər qatılıblar. Malayziya baş nazirinin xüsusi məsləhətçisi öz çıxışında “ərəb baharı”ndan danışıb: “Liviyada, Misirdə baş verən hadisələr onu göstərir ki, bəzən gənclər düşünmədən bu proseslərə qoşulur və nəticədə üsyanlar, digər ağır proseslər yaşanır. Eyni zamanda çox təəssüflər olsun ki, Yaxın Şərqdə baş verən hadisələrdə gənclər həyatlarını itirirlər. Biz çalışmalıyıq ki, gənclərdən baş verən hadisələrdə düzgün istifadə edək”.

Dato Seri Şahidan Kasım vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi nəticəsində də xeyli saylı gənc öz həyatını itirib və bu da Azərbaycan üçün böyük itkidir. İCAPP-ın həmtəsisçisi Xose De Venesia isə bildirib ki, Asiyada, Avropada daha çox gələcək siyasəti müəyyənləşdirəcək gənclər yetişib: “Azərbaycan Asiya ilə Qərbi birləşdirən ölkədir və mühüm nöqtədə yerləşir”.

Toplantıda Asiya regionunda fəaliyyət göstərən siyasi partiyaların üzvü olan gənc siyasətçilərin şəbəkəsinin genişləndirilməsi məsələləri müzakirə olunacaq, eləcə də İCAPP Gənclər Qolunun rəhbər strukturlarına seçkilər keçiriləcək. Tədbirin sonunda Asiya gənclərinin Bakı Bəyannaməsinin qəbul olunması gözlənilir.

Avqustun 15-də isə İCAPP-ın Gənclər Qolunun 2-ci toplantısının iştirakçılarının Bakı şəhərinin tarixi-memarlıq abidələrinə ekskursiyası nəzərdə tutulub.

Toplantı davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR