"Qarabağ Təbliğat Turu" çərçivəsində Türkiyədə silsilə tədbirlər keçiriləcək

"Qarabağ Təbliğat Turu" çərçivəsində Türkiyədə silsilə tədbirlər keçiriləcək
# 20 sentyabr 2013 20:18 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Qarabağ Azadlıq Təşkilatının (QAT) təşəbbüsü ilə Türkiyədə Qarabağ həqiqətlərinə dair konfrans, görüş və digər silsilə tədbirlər keçiriləcək.

APA-nın məlumatına görə, şərti olaraq “Qarabağ Təbliğat Turu” adlandırılan tədbirlər 2013-cü il 20-30 sentyabrda Türkiyənin İstanbul, Çanaqqala, İzmit, Ankara, Gümüşxana, Ərzurum, Qars, İğdır və digər şəhərlərini əhatə edəcək. Bu vaxt ərzində siyasi ekspert, partiya və QHT nümayəndələri, millət vəkilləri, bələdiyyə təmsilçiləri, tələbələr və digərlərinin iştirakı ilə müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Aksiya çərçivəsində çoxlu sayda yazılı materialların, o cümlədən Azərbaycan, Türkiyə türkcəsi və ingilis dillərində Qarabağ Azadlıq Təşkilatının nəşr etdirdiyi “Qarabağ müharibəsi. Qısa tarix”, “Qarabağ dünən, bu gün və sabah”, “Qarabağ gündəliyi”, “Qarabağ debatları”, “Quba məzarlığı-erməni cinayətlərinin qanlı izi” kitablarının paylanması, rəsmi və qeyri-rəsmi qurumlara təqdim olunması, kitabxanalara verilməsi planlaşdırılır. "Qarabağ Təbliğat Turu"nun keçirilməsində məqsəd Türkiyə cəmiyyətinin Qarabağ həqiqətləri ilə bağlı daha geniş miqyasda məlumatlandırılması, Qarabağ probleminin həlli üçün daha ciddi ictimai dəstəyin əldə olunması, iki ölkə arasında əlaqələrin zəif yerlərinin, lazım olan məsələlərin müzakirə olunması, iki ölkə arasında dostluq və qardaşlığın daha da genişlənməsinə nail olmaqdır.

Aksiya çərçivəsində sentyabrın 20-də Şəhidlər Xiyabanı ziyarət olunub, Qarabağ şəhidlərinin məzarılığından və Bakı-Şamaxı yolunda Türk Əsgərinin məzarından torpaq götürülüb. Həmin torpaqların Türkiyədə Çanaqqala məzarlığına səpilməsi və Bakıdakı Şəhidlər Xiyabanı və Bakı-Şamaxı yolundakı Türk Əsgəri məzarına səpilmək üçün Çanaqqala məzarlığından da torpağın götürülməsi nəzərdə tutulur.

“Qarabağ Təbliğat Turu” QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı, Milli QHT forumunun və "Millenium" şirkətinin texniki dəstəyi, Qarabağ Azadlıq Təşkilatının Türkiyə təmsilçiliyinin, Türkiyə Azərbaycan Dərnəkləri Federasionunun, Asılsız Erməni İddiaları ilə Mücadilə Dərnəyinin, Azad Qarabağ Uğrunda Alyansın, tanınmış ictimai xadim Xanım Xəlilovanın, həmçinin digər qurum və şəxslərin təşkilatçılığı ilə həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR