AİDA rəhbəri İndoneziyada keçirilən beynəlxalq məsləhətləşmələrdə iştirak edib

AİDA rəhbəri İndoneziyada keçirilən beynəlxalq məsləhətləşmələrdə iştirak edib
# 03 may 2015 07:30 (UTC +04:00)

Bakı - APA. Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəisi Əşrəf Şıxəliyev Asiya-Sakit okean ölkələrinin iştirakı ilə Cakartada təşkil olunmuş “İnkişaf naminə maliyyələşmə” üzrə yüksək səviyyəli məsləhətləşmələrdə çıxış edib.

AİDA-dan APA-ya verilən məlumata görə, çıxış zamanı Ə. Şıxəliyev bildirib ki, Azərbaycan Hökuməti Nepalda baş vermiş zəlzələ nəticəsində əziyyət çəkən insanlara təyyarə ilə çadır, ədyal, dərman və tibbi ləvazimatlar və digər ilkin ehtiyac məhsullarından ibarət humanitar yardım göndərib.

Daha sonra AİDA rəhbəri beynəlxalq inkişaf sahəsində regionda gedən proseslərə toxunaraq Cənub-Cənub əməkdaşlığının inkişafının əhəmiyyəti və yeni donor ölkələrin qlobal tərəfdaşlığa verdiyi töhfədən danışıb. Ə. Şıxəliyev qeyd edib ki, hazırda Azərbaycan və digər yeni donor ölkələri müxtəlif sahələrdə əldə etdikləri ən yaxşı təcrübələrini və yardımlarını inkişaf etməkdə olan ölkələrlə paylaşaraq dünyada inkişafın və əməkdaşlıq münasibətlərinin möhkəmlənməsinə əsaslı zəmin yaradırlar.

Dünyanın ənənəvi və yeni donor ölkələrinin nümayəndələri ilə yanaşı, beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatları və özəl sektorun ekspertlərinin iştirak etdiyi yüksək səviyyəli məsləhətləşmələr BMT-nin Asiya və Sakit okean regionu üzrə İqtisadi və Sosial Komissiyası (ECOSOC) və İndoneziyanın Maliyyə Nazirliyinin təşəbbüsü ilə təşkil edilib. 21 dövlət məsləhətləşmələrdə maliyyə nazirləri, mərkəzi bankların sədrləri və ya sədr müavinləri səviyyəsində iştirak edib.

Tədbir cari ilin 13-16 iyul tarixlərində Efiopiyanin paytaxti Əddis-Əbəbə şəhərində nazirlər səviyyəsində keçiriləcək “İnkişaf naminə maliyyələşmə” üzrə üçüncü beynəlxalq konfransa hazırlıq məqsədi daşıyır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR