Ramil Usubov Pakistanın Azərbaycandakı səfirini qəbul edib

Ramil Usubov Pakistanın Azərbaycandakı səfirini qəbul edib
# 30 yanvar 2013 15:02 (UTC +04:00)

Bakı-APA. Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Pakistan İslam Respublikasının Azərbaycandakı səfiri İnayat Ullah Kakarı qəbul edib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir strateji müttəfiqlər olan dövlətlərimiz arasında əlaqələrin zəngin tarixə və dərin köklərə malik olduğunu, Pakistanın müstəqilliyimizi tanıyan ilk dövlətlərdən biri olduğunu, beynəlxalq aləmdə və regional təşkilatlar çərçivəsində hər zaman Azərbaycanı birmənalı şəkildə dəstəklədiyini vurğulayıb. Qeyd olunub ki, məhz belə ədalətli və prinsipial mövqenin nəticəsidir ki, Pakistan parlamentinin yuxarı palatası olan Senat Ermənistanı təcavüzkar dövlət, Xocalı faciəsini isə azərbaycanlılara qarşı soyqırım aktı kimi tanıyıb. Beynəlxalq terrorçuluqla və narkotiklərlə mübarizə sahəsində Pakistan dövlətinin zəngin təcrübəyə malik olduğunu, bu təcrübədən istifadənin Azərbaycan üçün vacibliyini bildirən cənab Ramil Usubov daha sonra səfirə ölkəmizdə mövcud kriminogen durum barədə qısa məlumat verib.

Səfir iki dövlət arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu, ölkəmizdə fəaliyyəti dövründə bütün sahələrdə, o cümlədən hüquq-mühafizə orqanları arasında əməkdaşlığın daha da inkişafı üçün əlindən gələni əsirgəməyəcəyini bildirib. Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR