Səhiyyə Nazirliyi doğuşa yardım xidmətinin təkmilləşməsi üçün yeniliklər edəcək

Səhiyyə Nazirliyi doğuşa yardım xidmətinin təkmilləşməsi üçün yeniliklər edəcək
# 14 fevral 2013 13:37 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Son illər ərzində evdə doğuşların sayında azalma müşahidə olunur. Belə ki, 2007-ci ildə evdə doğuşların sayı ümumi diri doğulmuşların sayına görə 3,5 % təşkil edibsə, 2012-ci ildə il də bu rəqəm 3 dəfə azalıb”.

APA-nın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin Tibbi Yardım Təşkili şöbəsini müdiri Gülmirzə Poladov nazir Oqtay Şirəliyevin rəhbərliyi ilə Azərbaycanda Doğuşa yardım xidmətinin vəziyyətinə həsr olunmuş geniş kollegiya iclasında çıxışında deyib. O bildirib ki, ölkədə sosial-iqtisadi vəziyyətin sabitliyi diri doğulmuşların sayının artmasına, ana və uşaq ölümü göstəricilərinin azalmasına gətirib çıxarıb. Onun sözlərinə görə, 2007-ci ildə 151 mindən artıq uşaq doğulmuşdusa, 2012-ci il ərzində 173 547 diri doğulmuş qeydə alınıb. Körpə ölümü göstəricisi 2007-ci ildə 12,1; 2012-ci ildə 10,8; ana ölümü 2007-ci ildə 34,5; 2012-ci ildə isə bu göstərici 14,9-a bərabər olub”.

G.Poladov qeyd edib ki, əldə olunan nailiyyətlərlə yanaşı bu sahədə bəzi problemlər də var. Şöbə müdiri bildirib ki, Səhiyyə Nazirliyinin ən prioritet sahələrindən biri olan doğuşa yardım xidmətinin keyfiyyətinin artırılması üçün bir sıra təkliflər hazırlanıb və səhiyyə nazirinə təqdim edilib: “Doğum tarixlərində keysəriyyə kəsiyi əməliyyatlarının əsaslandırılmasına baxmayaraq, doğuşların təbii yolla aparılmasının zəruriliyinə diqqət artırılmalıdır. Doğuşa yardım xidmətin daha da təkmilləşməsi, arada olan problemlərin aradan qaldırılması üçün Səhiyyə Nazirliyi müxtəlif istiqamətlərdə ciddi tədbirlər görür. Hazırda neonatoloji xidmətin təkmilləşdirilməsi istiqamətində vacib işlər planlaşdırılır. Belə ki, Elmi Tədqiqat Pediatriya, Mamalıq və Ginekologiya İnstitutlarında, Respublika Perinatal Mərkəzində mövcud neoanatoloji-reanimasiya şöbələri genişləndirilərək. Bundan əlavə, bu şöbələrin maddi-texniki vəziyyətinin müasir səviyyədə təmini istiqamətində də vacib addımlar atılması gündəmdədir. Eyni zamanda şöbələrin ştat cədvəlində müvafiq dəyişikliklərin aparılması və yüksəkixtisaslı neonatoloji-reanimatoloji kadrlarla təmin olunması, onların təkmilləşmə məqsədilə xaricə kurslara göndərilməsi məsələsinə baxılacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR