Səfir: "Azərbaycan yeganə ölkədir ki, burada rus dilinin inkişafı üçün mübarizə aparmağa ehtiyac yoxdur"

Səfir: "Azərbaycan yeganə ölkədir ki, burada rus dilinin inkişafı üçün mübarizə aparmağa ehtiyac yoxdur"
# 30 oktyabr 2014 15:00 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bakı Slavyan Universitetində rus dilinə dəstək, bu dilin qorunub saxlanılması və tədrisi üzrə regional konfransın açılışı olub.

BSU-nun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Moskva hökumətinin Xarici iqtisadi və Beynəlxalq əlaqələr Departamenti tərəfindən dəstəklənən tədbirdə ali təhsil müəssisəsinin rektoru Asif Hacıyev rus dilinin işlənməsi, tədrisi və tədqiqi sahəsində Azərbaycandakı vəziyyət, qazanılmış nailiyyətlər, BSU-nun fəaliyyəti haqqında danışıb. Rektor ölkəmizdə rus dilinin tədrisi və istifadəsi üçün dövlət səviyyəsində bütün şəraitin yaradıldığını, orta və ali təhsil müəssisələrində tədris və tədqiq olunduğunu qeyd edib.

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Dimitriyeviç Doroxin rus dili və ədəbiyyatının inkişafının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq, rus dilinin istifadəsi üçün Azərbaycanda olduqca münbit şəraitin olduğunu deyib: “Azərbaycan yeganə ölkədir ki, burada rus dilinin inkişafı üçün geniş imkanlar yaradılıb və bunun üçün mübarizə aparmağa ehtiyac yoxdur. Çünki bu ölkədə rus dilinin yayılması və dinamik inkişafına kifayət qədər diqqət göstərilir”.

İki gün ərzində elmi-metodiki konfransda rus dilini tədris edən mütəxəssislər fikir mübadiləsi aparacaqlar. Bakı Slavyan Universitetinin bazasında rusiyalı ekspertlərin, Azərbaycandan və Gürcüstandan olan müəllimlərin iştirakı ilə BSU-nun Məktəb-Lisey Kompleksində, həmçinin Bakı şəhəri 160 saylı Klassik Gimnaziyada bölmə iclasları keçiriləcək. Bölmə iclasları çərçivəsində rus dilinin tədrisində yeni texnologiyaların istifadəsi, rus dili və ədəbiyyatının tədrisi prosesində milli-mədəni dəyərlərin qorunub saxlanılması məsələləri üzrə çıxışlar, diskussiyalar və prezentasiyalar planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR