Yazıçı Çingiz Abdullayev gənc şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadə ilə bağlı İran hökuməti və dünya dövlətlərinə müraciət edib

Yazıçı Çingiz Abdullayev gənc şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadə ilə bağlı İran hökuməti və dünya dövlətlərinə müraciət edib
# 05 iyul 2012 15:01 (UTC +04:00)
APA-nın məlumatına görə, müraciətdə bildirilir ki, gənc şairlər Fərid Hüseyn və Şəhriyar Del Gerani (Hacızadə) cari ilin 29 aprel tarixində poeziya festivalında iştirak etmək üçün İran İslam Respublikasına səfər ediblər. Adıçəkilən şəxslər festivalda iştirak etdikdən sonra may ayının 2-də naməlum şəraitdə Təbriz şəhərində yoxa çıxıblar: “İranın bəzi kütləvi informasiya vasitələri Təbrizdə yoxa çıxan azərbaycanlı şairlərin narkotik qaçaqmalçılığı və İsrail lehinə casusluq etməkdə təqsirləndirildiyini iddia etsələr də, bu ölkənin rəsmi orqanları Azərbaycan XİN-in 5 notasına, eləcə də Azərbaycan tərəfinin çoxsaylı müraciətlərinə bu günə kimi münasibət bildirməyib. İki gənc insanın yoxa çıxdıqdan sonra vəkillə təmin edilməməsi, saxlanma şəraitinə, sağlıq durumuna aydınlıq gətirilməməsi, saxlanılmalarına dair səfirliyə və ailələrinə məlumat verilməməsi və hüquqlarının pozulması, həmçinin onlarla görüşə şərait yaradılmaması haqlı olaraq Azərbaycan xalqında, eləcə də bu gənclərin valideynlərində və qohumlarında böyük narahatlıq yaradıb. İnsan hüquq və azadlıqlarına hörmət, demokratiya, sülh, tolerantlıq, bərabərlik, ədalət və insan ləyaqəti kimi yüksək dəyərlərinin qorunmasına və təşviq edilməsinə yüksək ehtiyac duyulduğu bir dövrdə iki azərbaycanlı gəncə qarşı İranda edilən bu ədalətsizliklər və onların hüquqlarının təmin edilməməsi beynəlxalq hüquq və normalara zidd olmaqla yanaşı, insan hüquqlarının təməl prinsiplərinin kobud pozulması faktıdır”.

Müraciətdə qeyd edilib ki, vicdan azadlığı, insan hüquq və azadlıqlarına hörmət, eləcə də ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək Azərbaycanda hörmət olunan prinsiplərdir: “Sizi iki istedadlı gənc şairin azad edilməsi, o cümlədən onların hüquqlarının bərpa edilməsi və vətənə geri dönməsi üçün səylərin birləşdirilməsinə çağırıram. Çünki insan hüquq və azadlıqları kimi ümumbəşəri prinsipləri qorumaq və müdafiə etmək hər bir beynəlxalq və qeyri-hökumət təşkilatlarının, o cümlədən dövlətlərin əsas prioriteti olmaqla yanaşı, hər bir insanın mənəvi borcudur”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR