Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin həcmi 9% artıb

Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin həcmi 9% artıb
# 25 avqust 2012 10:04 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-iyul aylarında Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrünün səviyyəsini 9,3% üstələyərək 9 597,2 mln. manat olub.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, yeddi ay ərzində pərakəndə ticarət şəbəkəsində hər bir ölkə sakininə orta hesabla ayda 149,4 manatlıq və ya 2011-ci ilin eyni dövründəkindən 13,7 manat çox əmtəə realizə edilib.

«Hesabat dövründə pərakəndə ticarət dövriyyəsi üzrə real artımın 7,1%-i hüquqi şəxslərin, 62,1%-i hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fərdi sahibkarların ticarət müəssisələrinin, 30,8%-i isə yarmarka və bazarların ticarət fəaliyyəti sayəsində yaranıb», - deyə Komitədən bildirilib.

Pərakəndə ticarət dövriyyəsinin 99,5%-i özəl müəssisələrin fəaliyyəti nəticəsində formalaşıb, bu müəssisələrdə 9 552,6 mln. manatlıq və ya 2011-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 9,4% çox istehlak malları satılıb.

Cari ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində əhaliyə satılmış ərzaq məhsullarının həcmi 1,1% artaraq 5 427,2 mln. manata, qeyri-ərzaq mallarının həcmi 22,8% artaraq 4 170,0 mln. manata bərabər olub. Ticarət dövriyyəsinin həcmində ərzaq və qeyri-ərzaq mallarının xüsusi çəkiləri müvafiq olaraq 56,5% və 43,5% təşkil edib.

Qeyd edək ki, pərakəndə ticarət şəbəkəsindən hər bir ölkə sakini orta hesabla ayda 84,5 manatlıq ərzaq, 64,9 manatlıq qeyri-ərzaq malları alıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR