Ötən il Səngəçal terminalından 283 mln. barel neft ixrac olunub

Ötən il Səngəçal terminalından 283 mln. barel neft ixrac olunub
# 30 iyul 2013 14:46 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycanın Səngəçal terminalından 282,9 mln. barel neft ixrac olunub. Bunun 246,4 mln. bareli Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri ilə, təxminən 29,1 mln. bareli Qərb İxrac Boru Kəməri marşrutu ilə, təxminən 6 mln. bareli dəmir yolu, 1,4 mln. bareli isə kondensat ixrac xətti ilə ixrac edilib. «APA-Economics»in məlumatına görə, bu barədə «BP-Azerbaijan» şirkətinin 2012-ci il üzrə davamlı inkişaf haqqında hesabatında bildirilir.

Hesabatda qeyd olunub ki, 2012-ci ildə terminaldan orta hesabla gündə təxminən 21,1 mln. kubmetr «Şahdəniz» qazı ixrac olunub. Qaz Cənubi Qafqaz Boru Kəməri və terminalın qaz emalı qurğularını «Azəriqaz»ın yerli şəbəkə sisteminə birləşdirən Azərbaycan Dövlət Neft Şirkəti qaz boru kəməri vasitəsilə ixrac edilib.

Qeyd edək ki, Səngəçal terminalı dənizdən gələn nefti və qazı ixracdan əvvəl texnoloji emaldan keçirən bir mərkəzdir. Terminal Xəzər hövzəsində «BP-Azerbaijan» tərəfindən işlədilən bütün mövcud dəniz yataqlarından hasil edilən məhsulu texnoloji emal etmək üçün nəzərdə tutulub və genişləndirilmək imkanı var. Terminala neft və qazı texnoloji emal edən qurğular, BTC boru kəmərinin birinci nasos stansiyası, Cənubi Qafqaz Boru Kəmərinin kompressor stansiyası və digər qurğular daxildir. Terminalın Bakıdan 55 km cənubda yerləşir (Qaradağ rayonu) və ümumi sahəsi 542 hektar təşkil edir. Terminalın gündəlik texnoloji emal gücü 1,2 mln. barel neft və 41,5 mln. kubmetr qaz, o cümlədən 27,4 mln. «Şahdəniz» və 14,1 mln. kubmetr AÇG («Azri-Çıraq-Günəşli» yataqlar bloku) qazı təşkil edir. Səngəçal terminalının maksimal tutumu 4 mln. barel, işlək tutumu isə 3,2 mln. bareldir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR