Azərbaycan istehsalçıları məhsullarını «Galeries Lafayette» univermaqlar şəbəkəsində realizə edə bilər

Azərbaycan istehsalçıları məhsullarını «Galeries Lafayette» univermaqlar şəbəkəsində realizə edə bilər
# 19 oktyabr 2012 11:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan sahibkarları istehsal etdiyi məhsulları tanınmış «Galeries Lafayette» univermaqlar şəbəkəsində realizə edə bilərlər. Bu barədə «APA-Economics»ə «Galeries Lafayette»in beynəlxalq satışların inkişafı şöbəsinin rəhbəri Tyeri Vanye (Thierry Vannier) məlumat verib.

Onun sözlərinə görə, hazırda Parisdə iki «Galeries Lafayette» univermağı fəaliyyət göstərir ki, bunların hər birində təxminən 3 500 brend təmsil olunur: «Burada dünyada tanınmış və artıq öz yerini tapmış, həmçinin yeni brendlərin məhsulları təklif olunur. Azərbaycan sahibkarları da ölkədə istehsal etdiyi qeyri-ərzaq məhsulları, əsasən də geyim, parfümeriya və s. məhsullarını sözügedən univermaqlarda realizə edə bilər».

T.Vanye onu da bildirib ki, ümumiyyətlə, hər hansı bir şirkət öz məhsullarını «Galeries Lafayette»də üç formada realizə edə bilər: «Onlardan biri – univermaq tərəfindən hər hansı bir məhsulun alınaraq «Galeries Lafayette»də realizəsi nəzərdə tutur. Bundan başqa, sahibkar univermaqda dükan kirayə götürüb öz məhsullarını özü sata bilər, həmçinin sahibkar öz məhsulunu bizə göndərə və biz «Galeries Lafayette»də onu realizə edə bilərik».

Buna misal olaraq T.Vanye Türkiyənin multibrendlərini gətirib.

«Galeries Lafayette» rəsmisi onu da bildirib ki, hər il univermağı təxminən 13 mln. nəfər ziyarət edir.

Qeyd edək ki, 1893-cü ildə yaradılan «Galeries Lafayette» Fransanın tanınmış univermaqlar şəbəkəsidir. Şəbəkənin illik dövriyyəsi təxminən 1 mlrd. avro təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR