“Azərbaycan Dəmir Yolları’’ hərəkətin təhlükəsizliyinin avtomatlaşdırılmasının idarəetmə platformasını yaradıb.
Bu barədə "APA-Economics"ə müsahibəsində ADY-nin Baş rəqəmsallaşdırma inzibatçısı, rəqəmsal inkişaf departamentinin müdiri Andrey İskriç deyib.
"ADY-nin sahə müfəttişləri 24/7 dəmir yolu infrastrukturunda baş verən bütün əməliyyatları izləyir və nöqsanları qeydə alırlar. Bu günə kimi bu qeydlər kağız və jurnallara yazılırdı. Birbaşa rəhbərlər tərəfindən qeydlərin yoxlanılması və müvafiq tapşırıqların verilməsi günlər, bəzən isə həftələr alırdı. İndi isə Elektron Hesabatlılıq Sistemi fəaliyyət göstərir. Bütün baş vermiş nöqsanlar və ya pozuntu halları mobil telefon üzərindən qeydə alınır, dəlil və sübutların şəkli çəkilirək sistemə yüklənir. Baş vermiş qayda pozuntuları haqqında bildiriş dərhal bütün məsul rəhbərlərin mobil telefonuna göndərilir. Təbii ki, nöqsanların aradan qaldırılması da sübut və dəlillərlə elektron qaydada sistemə daxil edilir. Yəni bu sistem hadisələrə daha çevik, vaxt itirmədən reaksiya verməyə, kağız sərfiyyatını minimuma endirməyə imkan verir. Təbii ki, bu sahədə bizim növbəti ilə yeni planlarımız var. Hadisələrin idarəolunması, hərəkətin təhlükəsizliyi üzrə departamentlərin üzərinə düşən normativlərin idarəolunması sistemlərinin yaradılması üzrə də işlərə başlanılıb"- Andrey İskriç əlavə edib.