“Azərbaycan Dəmir Yolları” (ADY) QSC və İsveçrənin “Stadler Rail Group” şirkəti arasında imzalanmış müqaviləyə əsasən, yeni alınan 10 “FLIRT” tipli qatarın 2-si Bakı Dəmiryol Vağzalına çatıb. Bu gün Bakı Dəmiryol Vağzalında qatarlar media nümayəndələrinə təqdim olunub.
“APA-Economics”in xəbərinə görə, ADY-nin Sərnişindaşıma Departamentinin rəhbəri Azər Fərəcov bildirib ki, müasir, rahat və təhlükəsiz qatarlar test proseslərindən keçdikdən sonra 2024-cü ilin yazından etibarən sərnişinlərin xidmətinə veriləcək:
"Yeni qatarlar digərlərindən fərqli olaraq bir mərtəbəli olsa da, daha innovativdir. İki qatar 236, 270 oturacaqdan ibarətdir, blok 5 mexanizmdən ibarətdir. Qatar daha inmovativdir, hərəkətində hansısa məhdudiyyət olmayacaq. Qatarlar ən çox tələbat olan istiqamətlərə yönləndiləcək”.
Həmçinin qeyd olunub ki, ADY cari ilin sonunadək 7 milyonuncu sərnişinini daşıyacaq. Ötən illərdə bu rəqəm 5 milyon olub.