Aviasiya təhlükəsizliyinin təmini sahəsində yoxlamaların həyata keçirilməsi qaydası təsdiqlənib.
APA-nın xəbərinə görə, Nazirlər Kabineti bununla bağlı müvafiq qərar verib.
Bu Qayda aviasiya təhlükəsizliyinin təmini sahəsində yoxlamaların həyata keçirilməsinə dair tələbləri və icra mexanizminin əsaslarını müəyyən edir, habelə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) və digər beynəlxalq mülki aviasiya təşkilatlarının beynəlxalq standartları və tövsiyə olunan təcrübəsi nəzərə alınmaqla, aviasiya subyektləri, həmçinin aviasiya təhlükəsizliyinin təmin edilməsi üzrə üzərinə öhdəliklər götürmüş digər subyektlər (bundan sonra - yoxlanılan subyektlər) tərəfindən təhlükəsizlik sisteminin tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı təşkilati və hüquqi məsələləri tənzimləyir. Bu Qaydanın müddəaları mülki aviasiya sahəsində aviasiya təhlükəsizliyinin təmini məqsədilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən yoxlanılan subyektlərə münasibətdə aparılan yoxlamalara şamil olunur. Bu Qaydanın məqsədi mülki aviasiya fəaliyyətinin qanunsuz müdaxilə aktlarından qorunması üzrə tətbiq edilən tədbirlərin səmərəliliyinin artırılması, yoxlanılan subyektlərdə aviasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində tətbiq olunan qayda və prosedurların Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 aprel tarixli 613 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Aviasiya təhlükəsizliyinə dair Dövlət Proqramı”na (bundan sonra - Dövlət Proqramı) və Qaydalara uyğunluğunun müəyyən edilməsindən, aviasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə qabaqlayıcı tədbirlərin təkmilləşdirilməsi və aviasiya təhlükəsizliyinin təmini sistemində aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılmasına yönəldilmiş tədbirlərin müəyyən edilməsindən ibarətdir.
Aviasiya təhlükəsizliyinin təmini sahəsində yoxlamalar Aviasiya Agentliyi tərəfindən həyata keçirilir. Aviasiya Agentliyinin müvafiq sahədə yoxlamaların təşkil edilməsi üzrə vəzifələri aşağıdakılardır:
- mülki aviasiyanın təhlükəsizliyinin təmin edilməsi sahəsində bu Qayda ilə müəyyən edilmiş tələblərin yerinə yetirilməsini təmin etmək;
- yoxlanılan subyektlər tərəfindən aviasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində qayda və prosedurların icra edilməsinə nəzarəti həyata keçirmək;
- yoxlanılan subyektlərdə aviasiya təhlükəsizliyinin ICAO- nun beynəlxalq standartlarına və tövsiyə olunan təcrübəsinə uyğunluğunun müəyyən edilməsi məqsədilə müvafiq sahədə yoxlamaların təşkilini təmin etmək;
- müvafiq sahədə yoxlamaların illik qrafikini hazırlamaq və mülki aviasiyanın təhlükəsizliyi üzrə təhdidlərin və risklərin qiymətləndirilməsi əsasında nəzarət tədbirlərinin prioritetliyini və dövriliyini müəyyən etmək;
- müvafiq sahədə yoxlamaların qeydiyyatı sistemini yaratmaq və müvafiq sənədlərin saxlanılmasını və mühafizəsini təmin etmək;
- müvafiq sahədə yoxlamaların nəticələrini təhlil etmək, aşkar edilmiş uyğunsuzluqların səbəblərini müəyyən etməklə, pozun- tuların və uyğunsuzluqların aradan qaldırılmasına nəzarət etmək;
- müvafiq sahədə yoxlamaların keçirilməsinə cəlb edilən müfəttişlərin uçotunu aparmaq;
- aviasiya təhlükəsizliyi sahəsində aviasiya subyektlərindən əldə edilən məlumatların təhlil edilməsi üçün konfidensial hesabatlar sistemini yaratmaq;
- müvafiq sahədə yoxlamaların həyata keçirilməsi zamanı hava limanı (aeroport) və ya aerodromlarda fəaliyyət göstərən dövlət orqanları (qurumları) ilə qarşılıqlı fəaliyyəti təşkil etmək;
- yoxlanılan subyektlərdən aşkarlanmış nöqsanların aradan qaldırılmasına dair tədbirlər planının hazırlanmasını və Aviasiya Agentliyinə təqdim edilməsini tələb etmək;
- aviasiya təhlükəsizliyinin Dövlət Proqramı və Qaydaların tələblərinə, ICAO-nun beynəlxalq standartlarına və tövsiyə olunan təcrübəsinə uyğunluğunun tələb edilən səviyyəsinin təmin olunması tədbirləri üzrə tövsiyələr hazırlamaq və metodiki göstərişlər vermək;
Dövlət Proqramı və Qaydaların tələblərinə, ICAO-nun beynəlxalq standartlarının və tövsiyə olunan təcrübəsinin tələblərinə riayət etməyən yoxlanılan subyektlərə münasibətdə müvafiq tədbirlər görmək.
Yoxlanılan subyektlərin müvafiq sahədə yoxlamaların keçirilməsi üzrə vəzifələri aşağıdakılardır:
- bu Qaydanın tələblərini yerinə yetirmək;
- Aviasiya Agentliyi tərəfindən keçirilən yoxlamalarla bağlı qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi üçün səlahiyyətli nümayən- dələrini təyin etmək və yoxlamalar zamanı cavabdeh olan yoxlanılan subyektlərin məsul şəxslərinin iştirakını təmin etmək;
- Aviasiya Agentliyinin yoxlamaları həyata keçirən şəxslə- rinin xidməti otaqlara daxil olması, texniki vasitələrlə, yoxlanılan subyektlərin fəaliyyətinə dair bütün sənədlərlə (məlumatlarla) tanış olmasına şərait yaratmaq;
- Aviasiya Agentliyi tərəfindən keçirilmiş yoxlamaların nəticələrini təhlil etmək və nəzərdə tutulmuş planı tərtib etmək, aşkar olunmuş uyğunsuzluqların yoxlamaya dair tərtib edilmiş hesabatda müəyyən olunmuş müddətdə aradan qaldırılmasını təmin etmək.
Müvafiq sahədə yoxlamaları aviasiya təhlükəsizliyi üzrə iş yerində hazırlıq, o cümlədən müvafiq sahə üzrə müfəttişlər üçün nəzərdə tutulan təlimlərdə iştirak edərək nəzəri biliklərə və təcrübi vərdişlərə yiyələnmiş peşəkar müfəttişlər həyata keçirir. Müvafiq sahədə yoxlamaları həyata keçirən peşəkar müfəttişlərin seçimi “Yoxlamaların aparılmasına cəlb edilən şəxslərin anket məlumatlarının toplanması, yoxlanması və onların seçilməsi Qaydası”na əsasən həyata keçirilir.
Müvafiq sahədə yoxlamaları həyata keçirən peşəkar müfəttişlərin vəzifələri aşağıdakılardır:
- müvafiq sahədə yoxlamaları həyata keçirmək;
- hava limanının (aeroportun) ərazisində və fəaliyyəti birbaşa hava limanının (aeroportun) təhlükəsizliyi ilə bağlı olan idarə, müəssisə və təşkilatların hava limanında (aeroportda) və hava limanından (aeroportdan) kənarda yerləşən sahələrini yoxlamaq;
- yoxlanılan subyektlərin təhlükəsizliyinin təmin edilməsi üzrə standart istismar prosedurlarının yerinə yetirilməsi istiqamətində müşahidələr aparmaq;
- aviasiya təhlükəsizliyinin təmini ilə bağlı yoxlanılan subyektlər tərəfindən həyata keçirilən fəaliyyətlə əlaqədar bütün halları yazılı, elektron və ya fotoşəkillər formasında qeydə almaq və rəsmiləşdirmək.
Müvafiq sahədə yoxlamaları həyata keçirən peşəkar müfəttişlərin hüquqları aşağıdakılardır:
- yoxlanılan subyektlərin xidməti ərazilərinə, binalarına sərbəst daxil olmaq;
- yoxlanılan subyektlər tərəfindən aviasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində tətbiq olunan qayda və prosedurları yoxlamaq və effektivliyini təhlil etmək;
- aviasiya təhlükəsizliyi və uçuşların təhlükəsizliyi qayda- larına riayət olunmasının yoxlanılması məqsədilə hava gəmilərinə daxil olmaq;
- müvafiq sahədə yoxlama zamanı hava limanına (aeroporta) və (və ya) təhlükəsizlik zonalarına radioqəbuledicilər, kamera, audio və videoyazıların aparılması üçün qurğuları, sınaqların keçirilməsi zamanı isə həmçinin silahın və ya partlayıcı qurğuların mulyajını və digər avadanlığı keçirmək;
- aviasiya təhlükəsizliyinin təmini və təhlükəsizlik prosedu- runun icra edilməsi səviyyəsini qiymətləndirmək üçün yoxlanılan subyektlərin məsul şəxslərinə suallar vermək;
- yoxlanılan subyektlərdən müvafiq sahədə yoxlamaların icrası ilə əlaqədar sənədləri, audio-video materialları (canlı videogörüntü izləmək imkanı daxil olmaqla) tələb etmək;
müvafiq sahədə yoxlama zamanı silahın və ya partlayıcı qurğuların mulyajını və hava gəmisinin bortunda daşınması qadağan edilmiş digər əşyaları əl yükünə, baqaj, yük və ya poçt göndərişlərinə yerləşdirmək;
- təhlükəsizliyə real təhdid yaradan uyğunsuzluqların aradan qaldırılmasını tələb etmək.
Yoxlamanın aparılmasına və nəticələrinə dair məlumatların yayılması qadağandır.
Müvafiq sahədə yoxlamalar aşağıdakı istiqamətlər üzrə həyata keçirilir:
- yoxlanılan subyektlərdə mülki aviasiyanın təhlükəsiz- liyinin təmin edilməsi sahəsində tədbirlərin icrası;
- Dövlət Proqramı və Qaydaların müddəalarının icra vəziyyətinə nəzarət;
- aviasiya təhlükəsizliyi üzrə tədbirlərin həyata keçirilməsi və bu sahədə personalın fəaliyyəti;
- yoxlanılan subyektlər tərəfindən daxili yoxlamaların keçirilməsi üzrə daxili yoxlamalar üzrə müvafiq proqramlarına aid tədbirlərin yerinə yetirilməsi;
- aviasiya personalının müvafiq hazırlıq keçməsinin və təlimatlandırılmasının təmin edilməsi;
- yüksək riskli reyslər üçün və təhdidlərin artması hallarında xüsusi təhlükəsizlik tədbirləri;
- qanunsuz müdaxilə aktlarının araşdırılması imkanının təmin edilməsi;
- qanunsuz müdaxilə aktları ilə bağlı təhlükəsizlik tədbirləri;
- aviasiya təhlükəsizliyinin təmini sahəsində istifadə olunan avadanlıq.
Müvafiq sahədə yoxlamaların keçirilməsi üzrə aşağıdakıları özündə ehtiva edən illik fəaliyyət planı Aviasiya Agentliyi tərəfindən hazırlanır və təsdiq edilir:
- yoxlanılan subyektlərin siyahısı;
- yoxlamanın növü;
- yoxlamanın aparılma müddəti.
İllik fəaliyyət planına uyğun olaraq, müvafiq yoxlanılan subyektlərə xəbər verilərək təhlükəsizlik vəziyyətinin müfəttiş yoxlamasının keçirilməsindən 3 (üç) iş günü, təhlükəsizlik vəziyyətinin audit yoxlamasının keçirilməsindən isə 10 (on) iş günü əvvəl Aviasiya Agentliyi tərəfindən məlumat göndərilir.
Aviasiya təhlükəsizliyinin təmini sahəsi üzrə aşağıdakı növbəti və növbədənkənar yoxlamalar həyata keçirilir:
- təhlükəsizlik vəziyyətinin audit yoxlaması;
- təhlükəsizlik vəziyyətinin müfəttiş yoxlaması;
- sertifikatlaşdırma üzrə yoxlamalar;
- təhlükəsizlik sisteminin sınağı.
Yoxlamanın keçirilməsi, aşağıdakı amillərdən asılı olaraq müəyyən edilir:
- təhdidlərin sayı və risklərin səviyyəsi;
- hava limanının (aeroportun) fəaliyyətinin növü və miqyası;
- yerinə yetirilən uçuşların sayı;
- sərnişin, baqaj, yük və poçt daşımalarının həcmi;
- yüksək riskli reyslərin sayı;
- keçirilmiş əvvəlki yoxlamaların nəticələri;
- aviasiya təhlükəsizliyi sahəsində tələblərin yoxlanılan subyektlər tərəfindən yerinə yetirilməsinin səviyyəsi;
- aviasiya təhlükəsizliyinin təmini sahəsinə aid insidentlər barədə əvvəlki illərə dair hesabatlar;
- hava limanının (aeroportun) fəaliyyətinin bərpası, yenidən qurulması və ya fəaliyyət istiqamətinin dəyişdirilməsi;
- yoxlanılan subyektlərin müraciətləri.
Təhlükəsizlik vəziyyətinin audit yoxlaması zamanı sınaqların keçirilməsi nəzərdə tutulmur.