Hazırda Azərbaycan Şərq və Qərb arasında önəmli körpü rolunu oynayır.
"APA-Economics" xəbər verir ki, bu barədə Avtomobil Nəqliyyatı İttifaqının prezidenti Radu Dinesku Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) URTA Baş Assambleyasının 42-ci iclası çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycan dövləti hazırda ölkənin logistika imkanlarını genişləndirir. Bu iş davamlı olaraq həyata keçirilsə, bu istiqamətə gəlmiş və artan yük həcmləri burada qalacaq və digər istiqamətlərə yönlənməyəcək.
Radu Dinesku vurğulayıb ki, Azərbaycanın zəngin enerji potensialı var və ölkənin coğrafi yerləşməsi çox əlverişlidir. Bunlardan yararlanaraq və eyni zamanda, nəqliyyat infrastrukturunu inkişaf etdirərək, ölkə regional inkişaf mərkəzinə çevriləcək.
Radu Dinesku onu da qeyd edib ki, nəqliyyat infrastrukturu çox vacibdir, lakin eyni zamanda prosedurların sadələşdirilməsi, rəqəmsalllaşdırma məsələləri olduqca önəmli rol oynayır.
"Rəqəmsallaşma doğrudan da gözləmə vaxtını azaldır və səmərəliliyi artırır. İnşa edilmiş infrastrukturun potensialından tam yararlanmaq üçün rəqəmsallaşma olduqca vacibdir", - Radu Dinesku deyib.