Bakının rəqəmsal əkizi istifadəyə verilib - EKSKLÜZİV

Bakının rəqəmsal əkizi istifadəyə verilib - EKSKLÜZİV
# 30 noyabr 2023 16:18 (UTC +04:00)

Uzun müddətdir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) tərəfindən bir çox parametrlərinə görə, öz mürəkkəbliyi ilə fərqlənən Bakı və Abşeron regional aqlomerasiyası üzrə rəqəmsal əkizin yaradılması istiqamətində işlər aparılırdı. Beynəlxalq məsləhətçi şirkətin də cəlb olunması ilə hazırlanan rəqəmsal əkiz artıq istifadəyə verilib.

Bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq, RİNN-dən bildirilib. Qeyd olunub ki, burada nazirliyin strukturları ilə yanaşı, digər dövlət və özəl təşkilatlardan, o cümlədən mobil operatorlardan, naviqasiya şirkətindən əldə edilən həcmi 100-lərlə terabaytla ölçülən milyonlarla rəqəmsal məlumat toplanılıb.

"Son infrastruktur layihələrinin planlanması, müntəzəm marşrut xətlərinin optimallaşdırılması işləri məhz həmin rəqəmsal əkizə əsaslanmaqla icra edilir. Bugünədək ümumilikdə 20-dən çox ciddi investisiya tutumlu layihələr rəqəmsal əkiz üzərində simulyasiya edilib və elmi cəhətdən əsaslandırılmış nəticələr əldə olunub. Ən səmərəli layihələr prioritetləşdirilib. Ölkənin kiçik regionları üçün bu həcmdə bahalı alətdən istifadə olunması elə də məqsədəuyğun hesab edilmir. Beynəlxalq təcrübədə də rəqəmsal əkizlər, adətən mürəkkəb və böyük məlumat emalını nəzərdə tutan regionlar üçün yaradılır".

Həmçinin bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2023-cü il tarixli müvafiq sərəncamı ilə Nəqliyyatı Əlaqələndirmə Şurası yaradılıb. Dövlət başçısının 22 noyabr 2023-cü il tarixli müvafiq fərmanı ilə təsdiq edilən əsasnaməsində də qeyd olunduğu kimi, müxtəlif dövlət qurumlarının nümayəndələrinin daxil olduğu şuraya sədrliyi rəqəmsal inkişaf və nəqliyyat naziri edir. Əsasnaməyə əsasən, ölkədə nəqliyyatın ayrı-ayrı növlərinin koordinasiyalı fəaliyyətinin və əhalinin mobilliyinin təmin edilməsi, yol və nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi, yol hərəkətinin təşkili, təhlükəsizliyi və tənzimlənməsi sahələrində fəaliyyətin əlaqələndirilməsi və təkmilləşdirilməsi məhz Nəqliyyatı Əlaqələndirmə Şurasına həvalə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR