Ölkənin hərtərəfli inkişafı üçün böyük əhəmiyyət daşıyan yol infrastrukturunun inkişaf etdirilməsi məsələləri daim diqqət mərkəzində olmuş, magistral yolların, şəhərlərarası və kəndlərarası, daxili yolların tikintisi, təmiri və yenidənqurulması işləri geniş vüsət alıb.
APA xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Prezident İlham Əliyevin prezidentliyinin 20 illiyinə həsr olunmuş “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətinin 20 ili” adlı konfransda çıxışı zamanı deyib.
“2003-cü ildən başlayaraq Azərbaycanda 20 min kilometrə yaxın avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib. Çoxlu sayda körpülər və yol ötürücüləri tikilib”, - Əli Əsədov əlavə edib.
Baş nazirin sözlərinə görə, Prezident İlham Əliyevin diqqət və qayğısı, eyni zamanda, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü və dəstəyi ilə ölkə üzrə təhsil, səhiyyə və mədəniyyət ocaqlarının tikintisi və yenidən qurulması sahəsində irimiqyaslı layihələr həyata keçirilib:
“Son 20 il ildə paytaxtda və regionlarda 3630 məktəb, 760-dək səhiyyə müəssisəsi tikilmiş və ya əsaslı təmir olunub.
Əhalinin sosial müdafiəsi, xüsusilə ən həssas kateqoriyadan olan insanların sosial təminat məsələləri, bütövlükdə əhalinin sosial-iqtisadi rifah halının yaxşılaşdırılması cənab Prezidentin daim diqqət mərkəzində olub”.
Baş nazir deyib ki, son illərdə sürətlə dəyişməyə başlayan geosiyasi reallıqlar fonunda müxtəlif regionlarda nəqliyyat zəncirlərinin qırılması, yaranan enerji və iqtisadi böhran Prezident İlham Əliyevin apardığı infrastruktur quruculuğu siyasətinin və xarici siyasət strategiyasının nə qədər uzaqgörən olduğunu sübut etdi.
Əli Əsədov bu gün Azərbaycan regionumuzda ən böyük mülki hava, Xəzər dənizində isə ən böyük dəniz yük donanmalarına malik ölkə olduğunu vurğulayıb:
“Dövlət başçısının rəhbərliyi dövründə ölkəmizdə 8 beynəlxalq hava limanı tikilmiş və yenidən qurulub. Laçın hava limanı istismara verildikdən sonra beynəlxalq hava limanlarının sayı 9-a çatacaq”.
Əli Əsədov həmçinin vurğulayıb ki, məhz Prezident İlham Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində bu gün Azərbaycan qlobal proseslərin mənfi təsirindən minimum itkilərlə çıxan azsaylı ölkələrdən biri olmaqla yanaşı, beynəlxalq əhəmiyyətli strateji, enerji, nəqliyyat, logistika və kommunikasiya qovşağına, investorların maraq mərkəzinə çevrilib:
“Cənab Prezident tərəfindən aparılan uğurlu, qətiyyətli siyasət, həyata keçirilən dövlət proqramları və iqtisadi layihələr Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafına təkan verməkdədir. Son 20 ildə iqtisadi artım dinamikasına dair rəqəmlər bütün mənzərini aydın göstərir.
Belə ki, “Güclü iqtisadiyyat ən önəmli şərtdir” deyən Prezident İlham Əliyevin hakimiyyəti illərində Azərbaycanın ümumi daxili məhsulu real ifadədə 3,6 dəfə artmışdır. Bu, son iki onillikdə qlobal miqyasda əldə olunan ən yaxşı iqtisadi nailiyyətlərdən biridir”, - Əli Əsədov deyib.