Hərbi avadanlığın mülki təyyarələrlə daşınmasına icazə verilməsi qaydası müəyyənləşib

Hərbi avadanlığın mülki təyyarələrlə daşınmasına icazə verilməsi qaydası müəyyənləşib
# 25 aprel 2025 15:24 (UTC +04:00)

Hərbi avadanlığın (ləvazimatların), hərbi avadanlıq (ləvazimatlar) hesab edilməyən təhlükə potensiallı, o cümlədən xüsusilə təhlükəli yüklərin (malların) mülki və eksperimental hava gəmiləri ilə daşınmasına icazə verilməsi Qaydası təsdiq edilib.

APA xəbər verir ki, Baş nazir Əli Əsədov bu barədə qərar imzalayıb.

Mülki və eksperimental hava gəmiləri ilə hərbi avadanlığın (ləvazimatların) daşınması mülki eksperimental və mülki aviasiyaya münasibətdə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyinin (Agentlik), dövlət eksperimental aviasiyasına münasibətdə isə Müdafiə Nazirliyinin icazəsi ilə həyata keçirilir.
İcazə üçün ərizəçi ərizə təqdim edir və ərizəyə aşağıdakı sənədlər əlavə edilir:
- ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;
- ərizəçi fiziki şəxs olduqda, şəxsiyyət vəsiqəsinin surəti;
- ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti;
- malalan (malgöndərən) və son istifadəçi haqqında məlumat;
- bağlanılmış müqavilənin (kontraktın) surəti;
- icazə şərtlərinin yerinə yetirilməsini təsdiq edən digər sənədlər;
- mülki hava gəmilərinin istismarçısına münasibətdə Agentlik tərəfindən verilmiş istismarçı sertifikatının surəti;
- ərizəyə əlavə edilməli olan sənədlərin (məlumatların) Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər (məlumatlar) ərizəçidən tələb edilmir. Belə sənədlərin (məlumatların) Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. Təqdim edilmiş sənədlər 30 (otuz) gün müddətində yoxlanılaraq baxılır və çatışmazlıqlar aşkar edilmədikdə ərizəçiyə icazə verilir. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçiyə 5 (beş) gündən gec olmayaraq rəsmi və ya elektron qaydada məlumat verilir, həmin çatışmazlıqlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra sənədlərə yenidən baxılır və müvafiq qərar qəbul edilir. Çatışmazlıqlar aradan qaldırılmadığı halda müraciət baxılmamış saxlanılır. Təqdim olunmuş sənədlərə baxılması zamanı faktiki hallarla bağlı sualları izah etmək üçün icazə verən orqan tərəfindən ərizəçinin vəsatəti və ya öz təşəbbüsü ilə sənədlər ekspert rəyinin alınması üçün aidiyyəti dövlət orqanına (qurumuna) və ya müəssisəyə göndərilir. Rəyin verilməsi 7 (yeddi) gün müddətində həyata keçirilməlidir. Aidiyyəti dövlət orqanı (qurumu) və ya müəssisənin əsaslandırılmış müraciəti ilə həmin müddət 20 (iyirmi) gündən çox olmayan müddətə uzadıla bilər. Bu müddət ərzində rəy bildirilmədikdə, müsbət verilmiş hesab olunur.
İcazə verilməsindən aşağıdakı hallarda imtina edilir:
- icazənin verilməsi Azərbaycan Respublikasının milli təhlükəsizliyinə, siyasi, hərbi və iqtisadi maraqlarına, o cümlədən uçuşların təhlükəsizliyinə və aviasiya təhlükəsizliyinə zərər gətirə bildiyi halda;
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr üzrə öhdəliklərə riayət edilmədikdə və ya riayət edilməməsinə ehtimal edildikdə;
- təyinat ölkəsi Azərbaycan Respublikasının qarşısında öz öhdəliklərini yerinə yetirmədikdə;
- Azərbaycan Respublikasının ərazisindən tranzit ərazisi kimi istifadə etməklə, Azərbaycan Respublikasının milli təhlükəsizliyinə toxunan ölkələrin ərazilərinə, habelə əks istiqamətdə hərbi avadanlığın (ləvazimatların) keçirilməsi ehtimalı olduqda;
- səhv və ya təhrif olunmuş məlumatların təqdim edildiyi aşkar olunduqda.
Hərbi avadanlığın (ləvazimatların) daşınma üçün qəbulu, onların monitorinqi, yola düşməsi, hava limanında (aeroportunda) mülki və eksperimental hava gəmilərinə çatdırılması və təyinat hava limanında (aeroportunda) təhvil verilməsi, habelə müvafiq sənədlərin rəsmiləşdirilməsi qeyd edilən hava limanlarının (aeroportlarının) aviasiya təhlükəsizlik xidmətlərinin səlahiyyətli əməkdaşlarının nəzarəti altında həyata keçirilir. Hərbi avadanlığın (ləvazimatların) daşınması üçün verilmiş icazə ərizəçi tərəfindən hava gəmisinin istismarçısına (ərizəçi mülki hava gəmisinin istismarçısı olmadığı hallarda) əvvəlcədən təqdim edilməlidir. Hərbi avadanlığın (ləvazimatların) təhlükəsiz daşınmasına və təyinat hava limanında (aeroportunda) səlahiyyətli yükalana təhvil verilməsinə görə hava gəmisinin kapitanı (komanda verən pilotu) tərəfindən təyin edilən hava gəmisinin heyət üzvü məsuliyyət daşıyır.
Hava gəmiləri ilə daşınan yüklər düzgün taraya və texniki normativ hüquqi aktlara uyğun qablaşdırmaya malik olmalıdır. Tara və qablaşdırılması ilə bağlı texniki normativ hüquqi aktların müəyyən olunmadığı yüklər daşınma zamanı mühafizəni təmin edəcək şəkildə qablaşdırılaraq möhkəm bağlanmalıdır. Hava gəmiləri ilə daşınmaya təqdim edilən yüklərin qabı quru və təmiz olmalı, yüklər hava gəmisinin bölmələrini və oradakı avadanlığı çirkləndirə və ya zədələyə biləcək iti uclara və çıxıntılara malik olmamalıdır. Dəyəri bəyan olunmaqla daşımaya təqdim edilən yerlərin tara və ya qabı plomblanmalıdır. Plomblar standart olmalı, onların üzərində rəqəm və ya hərflərin təsvirləri aydın həkk edilməlidir. Yükün plomblanması və plombların adı yük qaiməsində qeyd edilməlidir.
Hərbi avadanlıq (ləvazimatlar) hesab edilməyən təhlükə potensiallı, o cümlədən xüsusilə təhlükəli yüklərin (malların) mülki hava gəmiləri ilə daşınmasına icazə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 18 mart tarixli 85 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhlükəli yüklərin mülki hava gəmilərində daşınması Qaydaları”nın, eksperimental hava gəmiləri ilə daşınmasına icazə isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 13 dekabr tarixli 220 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması Qaydaları”nın tələblərinə uyğun olaraq verilir.
“Beynəlxalq Mülki Aviasiya haqqında” 1944-cü il 7 dekabr tarixli Konvensiyaya Əlavə 18-in tələblərinə görə hava ilə daşınması qadağan edilmiş istənilən yükün mülki və eksperimental hava gəmiləri ilə daşınmasına (bütöv şəkildə və ya hər hansı avadanlıq, yaxud ləvazimatın tərkib hissəsi kimi) icazə verilmir. Bu Qayda ilə müəyyən olunmuş icazələr ərizəçini “Lisenziya və icazələr haqqında” və “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş müvafiq icazələrin alınmasından azad etmir. Bu Qaydanın yerinə yetirilməsinə nəzarət mülki eksperimental və mülki aviasiyaya münasibətdə Agentlik, dövlət eksperimental aviasiyasına münasibətdə isə Müdafiə Nazirliyi tərəfindən həyata keçirilir

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR