Bakıda şəhər nəqliyyatının əlçatanlığı və ekoloji sağlamlığı üçün layihələr icra oluna bilər.
“APA-Economics” xəbər verir ki, bunu Avropa İttifaqı Qonşuluğu ölkələrində kredit əməliyyatları üzrə baş məsləhətçi Herve Quenassia “Dayanıqlı İnkişafa dair 2-ci Bakı Forumu"nda çıxışı zamanı deyib.
O bildirib ki, təmiz nəqliyyatla bağlı layihələrə dəstək olmaq üçün kifayət qədər aşağı faiz dərəcəli kreditlərin verilməsini həyata keçirə bilərlər: “Bundan başqa, bu istiqamətdə layihələrin icrası üçün Azərbaycanla müxtəlif təcrübələri bölüşə bilərik. Artıq Azərbaycan hökuməti ilə nəqliyyat infrastrukturu istiqamətində müzakirələrə başlamışıq. Xüsusi olaraq qeyd edim ki, artıq dəmir yolları ilə bağlı müzakirələrimiz başlayıb. Kifayət qədər çox işin görülməsi nəzərdə tutulub. Metro, ictimai nəqliyyatla bağlı da müzakirələrimiz başlayıb".
H. Quenassia onu da qeyd edib ki, dəmir yollarının kəsişən xətləri ilə bağlı artıq konkret layihələr var: “Azərbaycan hökuməti ilə ciddi danışıqlarımız hələ də davam edir. Artıq bir sıra Avropa ölkələrinin nəqliyyatla bağlı təcrübələri öyrənilir”.
H.Quenessia xüsusi olaraq qeyd edib ki, bu gün dünyada yaşıl hidrogen daha böyük potensiala malikdir və artıq ənənəvi enerji layihələrini maliyyələşdirməyə maraq azalıb.