İsi Mustafayev: Poçt sistemində 100 faiz tam çatdırılma deyə anlayış yoxdur - MÜSAHİBƏ - FOTO

İsi Mustafayev: Poçt sistemində 100 faiz tam çatdırılma deyə anlayış yoxdur - MÜSAHİBƏ  - FOTO
# 31 yanvar 2024 09:56 (UTC +04:00)

"Ötən il “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) üçün yaddaqalan olub".

Bunu “Azərpoçt” MMC-nin idarə heyətinin sədri vəzifəsini icra edən İsi Mustafayev “APA-Economics”ə müsahibəsində deyib və cari ildə görüləcək işlərdən danışıb:

- Cari il üçün qarşıya qoyulan əsas hədəflər hansılardır?

- Cari ildə “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin İT infrastrukturu üzərində işlər görüləcək, mərhələli şəkildə proqram təminatının yeniləri ilə əvəzolunması həyata keçiriləcək. Bu proses növbəti iki-üç ildə yekunlaşacaq.

Qeyd edim ki, artıq 2022-ci ildən etibarən bu istiqamətdə işlərə başlanılıb. Proqram təminatının yenilənməsi üzərində 2022-ci ildən işlər gedir. Hazırda “Azərpoçt” MMC tərəfindən istifadə olunan proqram təminatının 14 ilə yaxın yaşı var. Mərhələli şəkildə proqram təminatının yeniləri ilə əvəzolunması həyata keçiriləcək. Bu proses növbəti iki-üç ildə yekunlaşacaq. Biz transformasiya layihəsi çərçivəsində, İT infrasturkturunun yenilənməsi üçün beynəlxalq məsləhətçi şirkət olan “Boston Consulting Group”u dəvət etdik. Həmin şirkətin rəyi və müxtəlif ölkələrdən dəvət olunan ekspertlərin rəyi bizə İT infrastrukturunun arxitekturasının formalaşmasında dəstək oldu.

Qısa müddətli planlara isə mobil və internet bankinq xidmətlərinin təşkilinin həyata keçirilməsi daxildir.

- Sürətli Poçt Xidmətinin həyata keçirilməsi üçün hansı addım atılacaq?

- Sürətli Poçt Xidmətinin həyata keçirilməsi üçün xüsusi proqram təminatının alınması nəzərdə tutulur.

- Müştəri məmnuniyyəti necə hesablanır və bunu
necə ölçürsünüz?

- Müştərilərin “Azərpoçt” MMC-yə inamı ilə bağlı bir araşdırma aparılıb. Bu araşdırma müştəri inamını özündə əks etdirən rəqəmdir. Qeyd edim ki, ötən il müştəri məmnuniyyəti 31 faiz olub. Düzü biz özümüz rəqəmin belə olacağını gözləmirdik. Ümumiyyətlə, xidmət sahələrində müştəri məmnuniyyəti səviyyəsinin 25%-dən yuxarı olması vəziyyətin məqbul olmasının göstəricisidir. Bunu ölçmək üçün hər il bu araşdırmanı həyata keçirməyi planlaşdırırıq. Cari il üçün qarşımıza qoyduğumuz hədəf bu rəqəmin 5 faiz daha da yüksəlməsinə nail olmaqdır.

Müştəri məmnuniyyəti daha çox “Azərpoçt” MMC-ə daxil olan şikayətlərin sayı ilə ölçülür. 2022-ci ildə şikayət tipli müraciətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfəyədək azalıb.

- “Project 93” layihəsi çərçivəsində cari il üçün hədəfləriniz nələrdir?

- Qeyd edim ki, transformasiya prosesi zamanı biz avstriyalı ekspert dəvət etmişdik. Həmin ekspertin təşəbbüsü ilə “Project 93” layihəsinə başlanıldı. Layihənin bu cür adlandırılmasında məqsəd vaxtında çatdırılmanı 93 faizə yüksəltmək olub. Ümumiyyətlə 100 faiz tam çatdırılma deyə anlayış yoxdur, ya sistem, ya ünvanla bağlı hansısa problem ortaya çıxır. Amma bu göstəricinin 90 faizdən yuxarı olması ideal hədd hesab olunur. Qeyd edim ki, hazırda “Azərpoçt” MMC-nin poçt göndərişlərinin çatdırılma faizi 70-80 faiz arasında dəyişir. Cari ildə bu hədəfi 90 faizə qaldırmaq istəyirik.

- Kuryer biznesinin inkişafı üçün hansı işlər görülür?

- Öncə onu qeyd edim ki, “Azərpoçt” MMC-nin sürətli poçt xidməti olan EMS bölməsi var. Biz kuryer xidmətini bunun üzərindən həyata keçirməyi planlaşdırırıq. İlkin olaraq sürətli poçt xidmətini göstərən struktur bölmə üçün proqram təminatının alınması üzərində iş görülür. Həmin proqram təminatı alındıqdan, EMS-dəki bütün proseslər tam avtomatlaşandan sonra bu proqram təminatının içində də kuryer xidməti üçün bir bölmə olacaq.

- Proqram təminatının nə zaman istifadəyə verilməsi gözlənilir?

- Proqram təminatının hazırlanması, istifadəyə verilməsi və test edilməsi müəyyən zaman alacaq. Çalışacağıq ki, cari ildə bu prosesi yekunlaşdıraq və tam istifadəyə verək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR