Mülki hava gəmilərinə sertifikatların verilməsi, növ dizaynında dəyişiklik və ya onların təmiri, onların uçuşa yararlılıq və ətraf mühitin mühafizəsi üzrə tələblərin müəyyən olunması Qaydaları təsdiqlənib
APA-nın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
Bu Qaydaların tələblərinin yerinə yetirilməsinə nəzarət Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən həyata keçirilir.
Bu Qaydaların müddəaları mülki pilotsuz uçuş aparatları istisna olmaqla növ sertifikatına malik olan və mülki aviasiyanın məqsədləri üçün istismar olunan bütün hava gəmilərinə şamil edilir.
Növ sertifikatı Agentlik tərəfindən aşağıdakı hallarda tanınır:
- növ sertifikatı aidiyyəti üzrə Braziliya Federal Respublikasının mülki aviasiya sahəsində səlahiyyətli orqanı (ANAC), Avropa Komissiyasının mülki aviasiya sahəsində səlahiyyətli orqanı (EASA), Amerika Birləşmiş Ştatlarının mülki aviasiya sahəsində səlahiyyətli orqanı (FAA), Türkiyə Respublikasının mülki aviasiya sahəsində səlahiyyətli orqanı (SHGM), Kanadanın mülki aviasiya sahəsində səlahiyyətli orqanı (TCCA) və ya Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının mülki aviasiya sahəsində səlahiyyətli orqanı (UK CAA) tərəfindən verildikdə;
- növ sertifikatı qüvvədə olduqda;
- hava gəmisinin növü aidiyyəti uçuşa yararlılıq dizayn standartları daxil olmaqla növ sertifikatlaşdırmanın əsasına uyğun olduqda;
- hava gəmisinin növü Konvensiyaya 16 nömrəli Əlavə ilə müəyyən edilmiş ekoloji tələblərə və səs-küy çirklənmələri normalarına uyğun olduqda;
- hava gəmisinin növünün heç bir xüsusiyyəti və ya xarakteristikası onun təyinatı üzrə istifadəsi üçün təhlükə törətmədikdə;
- Agentliyin uçuşa yararlılıq və uçuş əməliyyatları üzrə müfəttişlərinin hava gəmisinin növü üzrə müvafiq təlimlərlə təmin edildikdə;
- növ sertifikatının sahibi bu Qaydalarda nəzərdə tutulmuş məlumatları və sənədləri, habelə aidiyyəti sənədlərə olunan müvafiq dəyişiklikləri Agentliyə təqdim etdikdə.
Agentlik hava gəmisinin növünə münasibətdə dizayn dövlətinin mülki aviasiya sahəsində səlahiyyətli orqanı tərəfindən verilmiş növ sertifikatını tanıyır.
Nəzərdə tutulmuş məlumatlarda və sənədlərdə çatışmazlıqlar, o cümlədən imtina üçün əsaslar olmadıqda, ərizə və ona əlavə olunan sənədlərə Agentlik tərəfindən qeydiyyata alındığı tarixdən 30 (otuz) gün müddətində baxılaraq növ sertifikatının tanınması haqqında qərar qəbul edilir. Növ sertifikatının tanınması və ya tanınmasından imtina barədə müvafiq qərar qəbul edildikdə, ərizəçiyə Agentlik tərəfindən bu barədə təsdiq məktubu təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Nəzərdə tutulmuş şərtlərin təmin olunması davam etdikdə növ sertifikatının tanınması qüvvədə qalır.
Uçuşa yararlılıq sertifikatı tanınmış növ sertifikatının əsaslandığı uçuşa yararlılıq standartları əsasında verilir. Uçuşa yararlılıq sertifikatı Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hava gəmilərinə verilir. Uçuşa yararlılıq sertifikatının verilməsi üçün hava gəmilərinin və onların komponentlərinin uçuşa yararlılığının saxlanılmasını idarə edən təşkilat aidiyyəti üzrə aşağıdakı məlumatları və sənədləri ərizə ilə birlikdə şəxsən və ya poçt rabitəsi vasitəsilə, yaxud elektron üsulla Agentliyə təqdim etməlidir:
- ərizəçinin adı, ünvanı, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışı, elektron ünvanı və əlaqə nömrəsi;
- hava gəmisindən istifadə məqsədi;
- hava gəmisinin təsnifatı, təyinatı, istehsalçısı, növü, modeli, seriya nömrəsi, qeydiyyat nişanı, konfiqurasiyası, maksimal qalxma kütləsi və istehsal tarixi;
- mühərriklərinin növü, modeli, sayı və seriya nömrələri;
- pərlərin növü, modeli, sayı və seriya nömrələri;
- köməkçi güc qurğusunun növü, modeli, sayı və seriya nömrələri;
- hava gəmisinin ən son uçuşa yararlılıq sertifikatı;
- hava gəmisinin komponentlərinin siyahısı;
- hava gəmisində yerinə yetirilmiş modifikasiyaların və təmirlərin siyahısı, habelə bu modifikasiyaların və təmirlərin bu Qaydaların tələblərinə uyğunluğunu təsdiq edən sübutedici sənədlər;
- bütün aidiyyəti servis bülletenlərin və uçuşa yararlılıq direktivlərinin siyahısı, habelə hava gəmisinin və onun komponentlərinin onlara uyğunluğunun cari vəziyyəti;
- istismar müddəti məhdud və nəzarət edilən komponentlərin ümumi istismar müddətinin cari vəziyyəti;
- hava gəmisinin ilkin istismara buraxılma tarixi, eləcə də hava gəmisinin, mühərriklərin və pərlərin ümumi istismar müddəti (uçuş saatları, qalxma-enmə dövrü və s.);
- hava gəmisinin təsdiq edilmiş texniki xidmət proqramına uyğunluğunun cari vəziyyəti, həmçinin təxirə salınmış texniki xidmət tapşırıqlarının və təxirə salınmış nasazlıqların aradan qaldırılmasının cari vəziyyəti;
- hava gəmisinin uçuş təlimatı və onun əlavələri;
- hava gəmisinin son kütlə və balans hesabatı;
- hava gəmisinin texniki xidmətinə aid detallı sənədləri;
- hava gəmisinin, mühərriklərin, pərlərin və köməkçi güc qurğusunun texniki jurnalları;
- hava gəmisinin fiziki inspeksiyası üçün təklif olunan tarix və yer;
- hava gəmisinin uçuşa yararlılığını müəyyən etmək üçün Agentlik tərəfindən istənilən digər məlumatlar və sənədlər;
- hava gəmisinin mülkiyyətçisi, istismarçısı, təşkilat və texniki xidmət təşkilatı (təşkilatları) barədə məlumatlar, habelə həmin şəxslər arasında uçuşa yararlılığın saxlanılması üzrə tələblərə uyğun bağlanılmış müqavilələr;
- dizayn dövlətinin mülki aviasiya sahəsində səlahiyyətli orqanı tərəfindən verilmiş ixrac üçün uçuşa yararlılıq sertifikatı və ya ekvivalent sənəd;
- hava gəmisi daha əvvəl digər dövlətlərdə qeydiyyatda olduqda ən son qeydiyyatda olduğu dövlətin mülki aviasiya sahəsində səlahiyyətli orqanı tərəfindən son 60 (altmış) gün ərzində verilmiş ixrac üçün uçuşa yararlılıq sertifikatı və ya ekvivalent sənəd;
- hava gəmisinin plakatlarının və işarələrinin siyahısı;
- kompas yoxlanışın yerinə yetirildiyinin təsdiqi;
- hava gəmisinin milli mənsubiyyət və qeydiyyat nişanları ilə qanunvericiliyin tələblərinə uyğun olaraq nişanlandığının təsdiqi;
- hava gəmisi daha əvvəl digər dövlətlərdə qeydiyyatda olduqda əvvəlki milli mənsubiyyət və qeydiyyat nişanları;
- hava gəmisinin Azərbaycan Respublikasında dövlət qeydiyyatına alındığı və ya alınması barədə müraciət edildiyini təsdiq edən sənəd;
- təsdiq edilmiş texniki xidmət proqramı və əvvəlki aidiyyəti texniki xidmət proqramı arasındakı fərq, habelə bu fərqin aradan qaldırılması üçün yerinə yetirilmiş texniki xidmətin təsdiqi;
- təsdiq edilmiş texniki xidmət proqramı və minimum avadanlıq siyahısı;
- test uçuşlarının nəticələri;
- radioavadanlıq sertifikatı;
- səs-küy çirklənmələri normalarına uyğunluq üzrə sertifikat;
- “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun və Qanunun 9.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş məbləğdə xidmət haqqının ödənilməsini təsdiq edən sənədlər.
Nəzərdə tutulmuş məlumatlarda və sənədlərdə çatışmazlıqlar, o cümlədən imtina üçün əsaslar olmadıqda ərizə və ona əlavə olunan sənədlərə Agentlik tərəfindən qeydiyyata alındığı tarixdən 45 (qırx beş) gün müddətində baxılaraq hava gəmisinin uçuşa yararlılığını yoxlamaq məqsədilə müfəttiş yoxlaması təşkil edilir. Təqdim edilmiş məlumatlarda və sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, Agentlik tərəfindən bu barədə ərizəçiyə 3 (üç) gündən gec olmayaraq məlumat verilir. Ərizəçi həmin çatışmazlıqları məlumatı aldığı vaxtdan ən geci 15 (on beş) gün müddətində aradan qaldırmalıdır. Bu zaman uçuşa yararlılıq sertifikatının verilməsi ilə bağlı ərizəyə baxılması üzrə müddətin axımı dayandırılır və dayandırılmış müddət bu Qaydaların 3.4-cü bəndində nəzərdə tutulmuş müddətə daxil edilmir. Ərizəçi təqdim etdiyi sənədlərdəki çatışmazlıqları aradan qaldırdıqdan sonra müddətin axımı bərpa olunaraq müraciətə baxılır. Ərizəçi çatışmazlıqları 15 (on beş) gün müddətində aradan qaldırmadıqda, habelə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda ərizənin baxılmamış saxlanılması haqqında qərar qəbul edilir və 3 (üç) gün müddətində ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Nəzərdə tutulmuş müfəttiş yoxlamasının nəticəsi olaraq Agentlik yoxlama bitdiyi gündən 10 (on) gündən gec olmayaraq ərizəçiyə müfəttiş yoxlaması zamanı aşkar edilmiş bütün nöqsanları özündə ehtiva edən müfəttiş yoxlamasının nəticələrinə dair hesabatı təqdim edir. Ərizəçi hesabatda qeyd olunanlara əsasən 10 (on) gündən gec olmayan müddətdə hər bir nöqsan üzrə əsas səbəbi və nöqsanın aradan qaldırılması üçün düzəldici tədbirlər planını (bundan sonra – plan) tələb olunan icra müddəti göstərilməklə Agentliyə təqdim etməlidir. Ərizəçi həmin planı vaxtında təqdim etmədikdə ərizənin baxılmamış saxlanılması haqqında qərar qəbul edilir və 3 (üç) gün müddətində ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Ərizəçi planı təqdim etdikdən sonra bu plan 10 (on) gün müddətində Agentlik tərəfindən qiymətləndirilir və bu qiymətləndirmənin əsaslandırılmış nəticəsi ərizəçiyə rəsmi və ya elektron qaydada bildirilir. Təqdim edilmiş plan qəbul olunmadıqda ərizəçi Agentliyin rəylərinə əsasən 5 (beş) gündən gec olmayan müddətdə planda düzəliş etməli və yenilənmiş planı Agentliyə təqdim etməlidir. Ərizəçi bu planı vaxtında təkrar təqdim etmədikdə ərizənin baxılmamış saxlanılması haqqında qərar qəbul edilir və 3 (üç) gün müddətində ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Ərizəçi Agentlik tərəfindən təsdiq edilmiş planını Agentliklə razılaşdırdığı müddətdə (lakin hər bir halda 3 (üç) ay müddətindən gec olmayaraq) icra etməli və bu barədə Agentliyə sübutedici məlumatları və sənədləri təqdim etməlidir. Bu məlumatlar və sənədlər təqdim edildikdən sonra müraciətə (10) on gün müddətində təkrar baxılır və qəbul və ya imtina edilməsi barədə qərar qəbul edilir. Ərizəçi planı vaxtında icra etmədikdə ərizənin baxılmamış saxlanılması haqqında qərar qəbul edilir və 3 (üç) gün müddətində ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Ərizəçinin müraciəti tələblərə uyğun olduqda, habelə müfəttiş yoxlaması zamanı nöqsan aşkar edilmədikdə və ya bütün nöqsanlar bu Qaydaların tələblərinə uyğun olaraq aradan qaldırıldıqda Agentlik tərəfindən ərizəçiyə 1 (bir) il müddətinə və ya növ dizaynı ilə hava gəmisinin müəyyən edilmiş son istismar müddətinə (hansı daha tez baş verdikdə) Agentlik tərəfindən bu Qaydalarda göstərilən uçuşa yararlılıq sertifikatı verilir. Uçuşa yararlılıq sertifikatını aldıqdan sonra bu sertifikatda göstərilən məlumatlarda hər hansı dəyişiklik baş verdikdə sertifikatın sahibi həmin əsasların yarandığı gündən 5 (beş) gündən gec olmayaraq sertifikatın yenidən rəsmiləşdirilməsi üçün Agentliyə müraciət edilməlidir. Müraciətə sertifikatın yenidən rəsmiləşdirilməsi əsaslarını təsdiq edən sənədlər əlavə edilir. Müraciətə daxil olduğu gündən 10 (on) gün müddətində Agentlik tərəfindən baxılır, müvafiq düzəlişlər edilərək yenidən rəsmiləşdirilmiş sertifikat ərizəçiyə təqdim edilir və əvvəlki sertifikat ərizəçi tərəfindən Agentliyə qaytarılır. Uçuşa yararlılıq sertifikatının üçüncü şəxslərə ötürülməsinə yol verilmir. Uçuşa yararlılıq sertifikatı yararsız vəziyyətə düşdükdə və ya itirildikdə təşkilat həmin sertifikatın dublikatının verilməsi üçün Agentliyə ərizə ilə müraciət edir. Agentlik ərizənin daxil olduğu tarixdən 5 (beş) gün müddətində uçuşa yararlılıq sertifikatının eyni hüquqi qüvvəyə malik dublikatını hazırlayaraq ərizəçiyə təqdim edir. Uçuşa yararlılıq sertifikatının dublikatının yuxarı sağ tərəfində Azərbaycan və ingilis dillərində “Dublikat” sözü yazılır və onun verilmə tarixi qeyd edilir.
Uçuşa yararlılıq sertifikatının etibarlılıq müddətinin uzadılması üçün təşkilat aidiyyəti üzrə bu Qaydalarda nəzərdə tutulmuş aidiyyəti məlumatları və sənədləri Agentliyə təqdim etməlidir. Uçuşa yararlılıq sertifikatının etibarlılıq müddətinin uzadılması bu Qaydalarda nəzərdə tutulmuş qaydada həyata keçirilir.
Aşağıdakı hallarda uçuşa yararlılıq sertifikatı qüvvədən düşmüş hesab edilir.
- uçuşa yararlılıq sertifikatının etibarlılıq müddəti bitdikdə;
- Agentlik tərəfindən uçuşa yararlılıq sertifikatı ləğv edildikdə;
- hava gəmisi uçuşa yararsız vəziyyətə düşdükdə;
- təşkilat ləğv edildikdə;
- hava gəmisi Azərbaycan Respublikasının dövlət qeydiyyatından çıxarıldıqda;
- aidiyyəti növ sertifikatı və onun tanınması ləğv edildikdə;
- hava gəmisi müvafiq növ dizaynına uyğun olmadıqda;
- hava gəmisi məhdudiyyətlər çərçivəsində istismar olunmadıqda və belə istismardan sonra lazımi tədbirlər görülmədikdə;
- hava gəmisi uçuşa yararlılıq tələblərinə uyğun olmadıqda;
- uçuşa yararlılıq sertifikatında göstərilən məlumatlar dəyişdikdə və yenisi ilə əvəz edildikdə.
Hava gəmisinin qüvvədən düşmüş uçuşa yararlılıq sertifikatı ilə bu Qaydaların tələblərinə uyğun verilmiş xüsusi uçuş icazəsi əsasında istismarına yol verilir. Uçuşa yararlılıq sertifikatı hava gəmisinin bortunda saxlanılmalıdır.