Şuşa, Ağdam və Füzuli şəhərinə indiyədək təşkil edilən avtobus marşrutları üzrə ümumilikdə 639 reys həyata keçirilib, 26 226 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib.
“APA-Economics” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, İşçi Qrupunun rəhbəri Rəhman Hümmətov Şuşa şəhərində Azərbaycan Respublikasının işğaldan azad edilən ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılan Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi Qrupunun növbəti iclasında çıxışı zamanı deyib.
İclas çərçivəsində işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Şuşa şəhərində yol-nəqliyyat infrastrukturunun qurulması, avtonəqliyyat və sərnişindaşıma xidmətlərinin təşkili məsələləri, mövcud tələbat və imkanlar geniş müzakirə edilib.