Nəqliyyat sahəsində “rəqəmsal əkiz”lərin yaradılması müzakirə edilib

Nəqliyyat sahəsində “rəqəmsal əkiz”lərin yaradılması müzakirə edilib
# 07 dekabr 2023 16:13 (UTC +04:00)

AYNA və AzTU tərəfindən nəqliyyatla bağlı beynəlxalq elmi konfrans keçirilib.

"APA-Economics"in Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbərinə görə, Bakıda “Nəqliyyatın planlaşdırılması və nəqliyyat axınlarının modelləşdirilməsi” mövzusunda beynəlxalq konfrans keçirilib.

Tədbir Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA), Azərbaycan Texniki Universiteti və Özbəkistanın “Transproyekt” məsləhətçi şirkətinin təşkilatçılığı ilə baş tutub.

Konfransda mobillik proqramı və Bakı aqlomerasiyasının nəqliyyat modeli, Azərbaycanda mobillik planlarının hazırlanması təcrübəsi, müxtəlif ölkələrdə ictimai nəqliyyat üçün marşrut şəbəkələrinin planlaşdırılması və nəqliyyat sahəsində “rəqəmsal əkiz”lərin yaradılması mövzuları üzrə məruzələr təqdim olunub.

Azərbaycanla yanaşı, Rusiya, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın nəqliyyat sahəsində fəaliyyət göstərən nazirlik və qurumların nümayəndələri, beynəlxalq məsləhətçi təşkilatların mütəxəssisləri ictimai nəqliyyatın və nəqliyyat modellərinin inkişafı, planlaşdırılması, nəqliyyat sistemlərinin real vaxt rejimində idarə olunması, yol hərəkətinin tənzimlənməsinin optimallaşdırılması mövzularında çıxışlar ediblər.

Qeyd edək ki, ikigünlük tədbirdə nəqliyyat sahəsində ictimai və qeyri-kommersiya təşkilatlarının təmsilçiləri, ali təhsil müəssisələrinin müəllim və tələbə heyətləri iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR