2023-cü ildə Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən 139 yeni dövlət standartı qəbul edilib. Bu, 2022-ci ildə qeydə alınan göstərici ilə müqayisədə iki dəfədən çox artım deməkdir.
“APA-Economics”in xəbərinə görə bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli ilin yekunlarına dair hesabat tədbirində çıxışı zamanı deyib.
O bildirib ki, hesabat dövründə Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) uyğunluğu qiymətləndirən 85 qurumu akkreditasiya edib: “Azərbaycan Metrologiya İnstitutu ölkəyə idxal olunan mindən çox ölçmə vasitəsinin tipə uyğunluğunu tanıyıb və onlara dair məlumatlar dövlət reyestrinə daxil edilib. Sahibkarlıq subyektlərinə Dövlət Xidməti tərəfindən 72554 mənşə sertifikatı verilib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 18,7% çoxdur”.
Sədr istehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahəsində həyata keçirilən tədbirlər barədə geniş məlumat verərək bildirib ki, 2023-cü ildə bu istiqamət üzrə Dövlət Xidmətində ümumilikdə 7597 müraciətə baxılıb ki, bu da 2022-ci illə müqayisədə 36,4% yüksək göstəricidir: “Ötən il daxil olan müraciətlərin təmin olunma səviyyəsində 2022-ci illə müqayisədə 26,6% artıma nail olunub. Hesabat dövründə sahibkarlıq subyektləri tərəfindən istehlakçılara 618 min manatdan artıq vəsait qaytarılıb. Bu isə 2022-ci ildəki göstəricidən 83% çoxdur”.